ABŞ və İran Pakistanın vasitəçiliyi ilə əldə olunan 60 günlük atəşkəs rejiminin müddətini uzatmaq barədə razılığa gəlib.
Bizim.Media xəbər verir ki, Türkiyənin Anadolu agentliyi Pakistan hökumətindəki mənbələrə istinadən yazıb ki, hazırkı razılaşmanın müddəti avqustun 17-də başa çatır.
“Hər iki tərəf müəyyən edilmiş müddətin uzadılmasına razılığını vasitəçilərə çatdırıb”, – danışıqlar prosesinə yaxın mənbə bildirib.
Bununla belə, Vaşinqton və Tehran atəşkəsin konkret olaraq nə qədər müddətə uzadılacağı barədə hələ razılığa gəlməyib.
“Tərəflər uzadılma müddətini müəyyənləşdirmək üçün mesaj mübadiləsi aparırlar”, – mənbə əlavə edib.
ABŞ və İran Pakistanın vasitəçiliyi ilə apreldə atəşkəs barədə razılığa gəlib. Daha sonra, iyunun 17-də tərəflər qarşılıqlı anlaşma memorandumu imzalayıb və yekun sazişin hazırlanması üzrə danışıqlara başlayıblar.
Sonradan təhlükəsizlik təminatları və dünya ticarəti və enerji resurslarının daşınması üçün mühüm marşrutlardan biri olan Hörmüz boğazında gəmiçilik azadlığı ilə bağlı fikir ayrılıqları səbəbindən danışıqlar prosesi dayandırılıb.
İyulun 8-dən 24-dək ABŞ və İran arasında qarşılıqlı zərbələr həyata keçirilib.
Vaşinqton İran ərazisindəki obyektlərə zərbələr endirib, Tehran isə cavab olaraq, öz iddiasına görə, İordaniya, Bəhreyn və Küveyt də daxil olmaqla bir neçə ərəb ölkəsində ABŞ-ın hərbi obyektlərini və texnikasını hədəfə alıb.
Bizim.Media
































































































