Ukrayna və Yaxın Şərqdə davam edən münaqişələr getdikcə daha sıx əlaqələnir və qlobal geosiyasi böhran xarakteri almağa başlayır.
Bizim.Media xəbər verir ki, bu barədə Fortune nəşri yazıb.
Nəşrin qeyd etdiyi kimi, bu qənaətin formalaşmasına iki son hadisə səbəb olub. Əvvəlcə Ukrayna Xəzər dənizində, Kiyevin iddiasına görə, Rusiyaya hərbi yüklər daşıyan İran gəmisinə zərbə endirib. Bir neçə gün sonra isə İran pilotsuz uçuş aparatları Misirin Aralıq dənizi sahilində yerləşən limanında qazdaşıyan gəmilərə hücum edib. Bu, İranla müharibə başlayandan bəri Misirə ilk zərbə kimi qiymətləndirilir.
Ekspertlərin fikrincə, bu hadisələr bir-biri ilə əlaqəli ola bilər. Onların sözlərinə görə, gərginliyin artması artıq qlobal bazarlara təsir göstərir. Dəniz daşımaları, sığorta və enerji təchizatı ilə bağlı risklərin yüksəlməsi Avropada qazın bahalaşmasına səbəb ola bilər.
Fortune Ukraynanın İran gəmisinə zərbə endirməsinin mümkün səbəbləri kimi ABŞ üçün strateji əhəmiyyətini nümayiş etdirmək, Qərb müttəfiqlərinin maraqları naminə İrana təzyiq göstərmək və ya İranın Rusiyaya dəstəyinə cavab vermək ehtimallarını qeyd edir.
Nəşr həmçinin yazır ki, Rusiya müharibənin coğrafiyasını genişləndirməkdə davam edir. Rumıniya ərazisinə düşən Rusiya pilotsuz aparatları və X-101 raketinin Polşa hava məkanına daxil olması münaqişənin NATO-nun qonşu ölkələrinə də təsir etdiyini göstərir.
Analitiklərin fikrincə, ayrı-ayrı regional münaqişələr tədricən qlobal nəticələr doğuran vahid geosiyasi böhrana çevrilir.
Bizim.Media


































































































