ABŞ İrandan iyulun 11-də Hörmüz boğazında gəmilərə hücumların dayandırıldığını və boğazın açıq qalacağını açıq şəkildə bəyan etməsini tələb edib.
Bizim.Media xəbər verir ki, bu barədə Axios portalının jurnalisti Barak Ravid üç yüksək vəzifəli ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Məlumata görə, bu gün Omanın paytaxtı Maskatda İranın xarici işlər naziri Abbas Əraqçi ilə Omanın XİN başçısı Bədr əl-Busaidinin Hörmüz boğazı ətrafında yaranmış böhranı müzakirə etmək üçün görüşü planlaşdırılır.
ABŞ rəsmilərinin sözlərinə görə, Vaşinqton Tehranın məhz bu görüşdən sonra rəsmi bəyanat yayacağını gözləyir.
"Biz istəyirik ki, onlar gəmilərə hücumların dayandırıldığını açıq şəkildə bəyan etsinlər və birbaşa, yaxud dolayı yolla vəziyyəti özlərinin gərginləşdirdiyini etiraf etsinlər", – deyə ABŞ rəsmilərindən biri bildirib.
Onun sözlərinə görə, Vaşinqton həmçinin İranın Hörmüz boğazının açıq qalacağını və beynəlxalq gəmiçiliyin maneəsiz həyata keçiriləcəyini açıqlamasını gözləyir.
Digər ABŞ rəsmisi isə xəbərdarlıq edib ki, əks halda İranı "ciddi nəticələr" gözləyir.
"Əgər onların mövqeyi fərqli olsa, onlar üçün çox çətin gün olacaq", – deyə o vurğulayıb.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Ankarada keçirilən NATO sammitində İranın Hörmüz boğazında üç ticarət gəmisinə hücumundan sonra Tehranla əldə olunmuş atəşkəsin başa çatdığını açıqlamışdı. Bundan sonra ABŞ İran hədəflərinə yeni zərbələr endirib. Tramp bu əməliyyatları Hörmüz boğazındakı hücumlara "cavab tədbiri" kimi qiymətləndirib.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə cavab olaraq ABŞ-ın Küveyt və Bəhreyndə yerləşən hərbi bazalarına zərbələr endirdiyini bəyan edib.
Daha sonra Donald Tramp İranın müraciətindən sonra ABŞ-ın Tehranla danışıqlara razılıq verdiyini açıqlayıb.
Bizim.Media

































































































