Sakit okeanda yeni heyvan növü: Dəniz dibində gəzən akula tapıldı

Sakit okeanda yeni heyvan növü: Dəniz dibində gəzən akula tapıldı

Hazırda oxunan: Sakit okeanda yeni heyvan növü: Dəniz dibində gəzən akula tapıldı

621174

Tədqiqatçılar Sakit okeanda elmə məlum olmayan və üzgəclərindən ayaq kimi istifadə edərək dayaz riflərdə hərəkət edə bilən yeni "gəzən akula" növü aşkar ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə araşdırmanın nəticələri "Journal of the Ocean Science Foundation" jurnalında dərc olunub.

Yeni növə bu cinsdən olan akulaların öyrənilməsinə iyirmi ildən çox vaxt ayıran avstraliyalı alim Kristin Dadjonun şərəfinə Hemiscyllium dudgeonae ("Dadjonun gəzən akulası") adı verilib.

Kəşfin təfərrüatları: DNT analizi fərqi ortaya qoydu

Qeyri-adi tapıntı dayvinq ustaları tərəfindən Papua-Yeni Qvineyanın cənub-şərq sahillərində aparılan ekspedisiya zamanı qeydə alınıb. Mərcan rifləri arasında bədənində qəhvəyi ləkələr olan və naxışları digər məlum növlərdən fərqlənən kiçik bir akula diqqət çəkib. Avstraliyanın Sanşayn-Kost Universitetinin alimi Kristin Dadjon və aspirant Cess Bleykveynin rəhbərlik etdiyi komanda qonşu riflərdə apardıqları araşdırmalar nəticəsində daha 11 belə akula aşkar edib.

Tutulan nümunələr üzərində aparılan genetik analiz və DNT müqayisəsi nəticəsində bu canlıların əvvəllər məlum olan 9 gəzən akula növünün heç birinə bənzəmədiyi və tamamilə yeni bir növ olduğu sübuta yetirilib.

Dəniz dibində "addımlayan" canlılar

Gəzən akulalar öz fəsiləsinin ən qeyri-adi nümayəndələri hesab olunur. Böyük okean akulalarından fərqli olaraq, onlar bütün ömrünü mərcan riflərinin yaxınlığında keçirir və döş, eləcə də qarın üzgəclərinə söykənərək dəniz dibində sanki addımlayırlar. Bu xüsusiyyət qabarma və çəkilmələr zamanı riflərin bəzi hissələrinin sudan təcrid olunduğu anlarda onların köməyinə çatır. Alimlərin fikrincə, bu adaptasiya oksigen səviyyəsinin kəskin dəyişdiyi tropik riflərdə sağ qalmaq üçün yaranıb. Hətta bu akulaların bəzi növləri oksigenin kəskin az olduğu mühitdə bir neçə saat sağ qala bilirlər.

Hazırda Dadjon akulasına yalnız Papua-Yeni Qvineyanın üç nöqtəsində rast gəlinib. Alimlər arealın məhdud olması səbəbindən bu növün iqlim dəyişikliyi və həddindən artıq balıq ovu qarşısında həssas ola biləcəyini qeyd edirlər.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO