Fransada narkotik alveri ilə bağlı adi axtarış əməliyyatı keçirən polis əməkdaşları detektiv filmlərinin süjetinə bənzər gözlənilməz tapıntı ilə qarşılaşıblar. Paris yaxınlığındakı Şampini-sür-Marn (Champigny-sür-Marne) şəhərində yerləşən evlərdən birində aparılan reyd zamanı narkotiklərlə yanaşı, məşhur ispan rəssamı Pablo Pikassoya məxsus orijinal rəsm əsəri aşkar edilib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı "Le Parisien" qəzeti yayıb.
Val-de-Marn departamentinin məhkəmə polisi və Paris polis prefekturasının xüsusi təyinatlı dəstəsinin keçirdiyi birgə əməliyyatın ilkin məqsədi narkotik şəbəkəsini çökdürmək olub.
Şübhələr özünü doğruldub və axtarış zamanı evdən təxminən 20 kiloqram marixuana qətranı (şirəsi) müsadirə edilib.
Lakin hüquq-mühafizə orqanlarının sürprizi bununla bitməyib. Evdən həmçinin ümumi dəyəri yüz minlərlə avro olan brend geyimlər, lüks əşyalar və külli miqdarda nağd pul tapılıb. Əməliyyatın ən böyük tapıntısı isə Pikassonun tablosu olub.
Mənbənin məlumatına görə, rəsm əsəri artıq ilkin ekspertizadan keçib və onun həqiqi (orijinal) olduğu təsdiqlənib. İstintaqçılar ehtimal edirlər ki, kətan üzərindəki bu iş Parisdəki sənət əsərləri anbarlarının birindən oğurlanıb.
Tablonun adı təhlükəsizlik səbəbindən hələlik açıqlanmasa da, onun qiymətinin on milyonlarla avro dəyərində olduğu bildirilir.Hadisədən sonra Kretey (Créteil) şəhər prokurorluğu oğurluq və oğurlanmış əmlakı gizlətmə maddələri ilə ayrıca cinayət işi açıb. Narkotik alveri işi üzrə isə artıq 4 nəfər məhkəməyə sövq edilib.
İlkin olaraq mətbuatda tapılan əsərin 2010-cu ildə Paris Müasir İncəsənət Muzeyindən səs-küylü şəkildə oğurlanan "Yaşıl noxudlu göyərçin" tablosu ola biləcəyi iddia edilsə də, ekspertlər bu versiyanın az inandırıcı olduğunu deyirlər.
Əsas versiyaya görə, şübhəlilərdən biri lüks əşyaların saxlanıldığı anbarda çalışıb və uzun müddət ərzində oradan hissə-hissə bahalı mallar çıxarıb.
İstintaqçılar Pikassonun tablosunun da məhz həmin anbardan oğurlanaraq gətirildiyini güman edirlər.
Bizim.Media
































































































