Futbol ulduzlarının həyat yoldaşları və sevgililəri (WAGs) artıq sadəcə tribunalardakı azarkeşlər deyil, reklam müqavilələrindən milyonlar qazanan qlobal superulduzlara çevrilirlər.
Bizim.Media xəbər verir ki, "New York Post" (NYP) nəşri məşhur futbolçuların xanımlarının sosial şəbəkələr vasitəsilə necə nəhəng biznes imperiyaları qurduğunu araşdırıb.
Marketoloqların fikrincə, sosial şəbəkələr yeni nəsil WAGs-ın imkanlarını on dəfə artırıb.
Əvvəllər yalnız Viktoriya Bekhem kimi müstəqil karyerası olanlar populyarlıq qazana bilirdisə, bu gün futbolçu ilə evli olmaq və matçlarda görünmək milyonlarla izləyici toplamaq və top-modelləri geridə qoyan brend müqavilələri imzalamaq üçün kifayət edir.
Ekspertlər bu qadınları iki kateqoriyaya bölürlər.
Əvvəldən tanınanlar: Bura uşaq ikən "Disney" ulduzu olmuş, hazırda isə Argentina millisinin yarımmüdafiəçisi Rodriqo De Paulun sevgilisi olan pop-diva Tini Ştossel (21.5 mln izləyici, "Adidas" və "Under Armour"un siması), Kilian Mbappe ilə adı hallanan aktrisa Ester Ekposito (24.1 mln izləyici) və Tibo Kurtuanın model xanımı Mişel Herziq daxildir.
Müasir "Zoluşka"lar: Əvvəllər heç kimin tanımadığı, lakin evlilikdən sonra statuslarını böyük gəlirə çevirənlər. Bu kateqoriyanın ən bariz nümunəsi Kriştiano Ronaldonun nişanlısı Corcina Rodrigesdir (32 yaş). 2017-ci ildə "Gucci" butikində adi satıcı işləyən Corcinanın indi "Instagram"da 74 milyon izləyicisi, "Netflix"də şəxsi realiti-şousu, Madriddə elit daşınmaz əmlak agentliyi və 10 milyon dollar kapitallı var. O, "L’Oréal" və "Chopard" kimi nəhənglərin rəsmi simasıdır.
İnsanların zənginlərin şəxsi həyatına olan marağı bu qadınların gəlirlərini stimullaşdırır. Lionel Messinin uşaqlıq sevgisi və xanımı Antonela Rokuzzo (38 yaş) ailə və məşq kadrları sayəsində 39 milyon izləyici toplayaraq 20 milyon dollarlıq sərvət qurub.
O, "Adidas", "Louis Vuitton" və "Anastasia Beverly Hills" kosmetika nəhənginin qlobal səfiri statusunu daşıyır. Neymarın sevgilisi Bruna Biankardi isə öz "YouTube" kanalında analıq mövzusuna toxunaraq böyük kütlə toplayıb.
Ekspertlərin qiymətləndirməsinə görə, izləyici sayı 1 milyona çatmayan orta səviyyəli WAGs bir reklam paylaşımı üçün 5 000 - 25 000 dollar arası qonorar alır.
Corcina Rodriges və Antonela Rokuzzo kimi çoxmilyonluq auditoriyası olan superulduzlar üçün isə tək bir reklam postunun qiyməti 100 000 dollardan başlayır, uzunmüddətli səfirlik müqavilələri isə onlara altırəqəmli sabit qazanclar gətirir.
Bizim.Media





































































































