Meksika Prezidenti Klaudiya Şeynbaum və Braziliya lideri Luis İnasio Lula da Silva Kubadakı ağır humanitar böhrandan narahatlıqlarını ifadə edərək, ABŞ-ın bu ölkəyə qarşı tətbiq etdiyi embarqonun aradan qaldırılmasını tələb ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə Meksika Xarici İşlər Nazirliyinin iki ölkə rəhbərinin video-konfrans formatında keçən görüşünün yekunlarına dair yaydığı bəyanatda bildirilir.
Görüş zamanı liderlər Kuba məsələsi ilə yanaşı, digər mühüm mövzuları da müzakirə ediblər.
Tərəflər geniş ikitərəfli gündəliyi, o cümlədən energetika sahəsində əməkdaşlığı və dövlət neft-qaz şirkətləri "Pemex" (Meksika) ilə "Petrobras" (Braziliya) arasında mümkün sazişin imzalanmasını nəzərdən keçiriblər.
Meksika və Braziliya ticarət sahəsində ikitərəfli hüquqi bazanı yeniləmək barədə razılığa gəliblər, həmçinin digər dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərinə sadiq olduqlarını təsdiqləyiblər.
Hər iki ölkə Çilinin keçmiş prezidenti Mişel Baçeletin BMT-nin növbəti Baş katibi vəzifəsinə namizədliyini birgə dəstəklədiklərini bəyan ediblər.
Bizim.Media



































































































