İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasında Livan məsələsi ətrafında yaşanan açıq mübahisə İsrailin hərbi planlarının və Netanyahunun siyasi mövqeyinin Vaşinqtonun mövqeyindən asılılığını yenidən ortaya qoyub.
Bizim.Media xəbər verir ki, bu barədə "Axios" nəşri yazır.
Nəşrin mənbələrinin məlumatına görə, tərəflər arasında İran mövzusunda sıx koordinasiyanın və demək olar ki, hər gün baş tutan təmasların olmasına baxmayaraq, hər iki administrasiya münaqişə inkişaf etdikcə onların maraqlarının fərqli istiqamətlərə yönələ biləcəyini qəbul edir. Netanyahunun ətrafında isə bu anın artıq gəlib çatması ilə bağlı narahatlıqlar artmaqdadır.
Netanyahunun özü də daha əvvəl bildirmişdi ki, İranla münaqişənin necə başa çatmalı olduğu barədə onun Tramp ilə razılaşması "açıq məsələ" olaraq qalır.
İsraildə yaxınlaşan seçkilər və "Hizbullah"ın davam edən hücumları səbəbindən yaranan daxili təzyiqlər fonunda, Baş nazir qarşıya qoyulan məqsədlərə - Fələstinin HƏMAS qruplaşmasının məhv edilməsinə və İrandakı rejimin dəyişdirilməsinə nail ola bilmədiyi üçün tənqidlərlə üzləşir.
Mənbələrin verdiyi məlumata görə, Netanyahu Beyrutda "Hizbullah"ın hədəflərinə qarşı irimiqyaslı zərbələr endirmək imkanını nəzərdən keçirirdi, lakin gərginliyin artmasına qarşı çıxan Tramp ilə baş tutan sərt danışıqdan sonra bu plandan imtina edib.
Telefon danışığı zamanı ABŞ prezidentinin Livan üzrə diplomatik səylərin pozulmasından və İranla danışıqlar üçün mümkün fəsadlardan ehtiyat edərək, İsrail liderindən Beyruta zərbələr endirməkdən imtina etməsini kəskin şəkildə tələb etdiyi bildirilir.
İsraildəki mənbə bu danışığı "çox sərt" kimi xarakterizə edib və Trampın faktiki olaraq gərginliyin azaldılmasında (deeskalasiyada) israr etdiyini qeyd edib.
Bizim.Media







































































































