ABŞ Prezidenti Donald Tramp Polşaya əlavə 5 min hərbçinin göndəriləcəyini açıqlayıb.
Bizim.Media "CNN" agentliyinə istinadla xəbər verir ki, Tramp bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, qərar Polşa Prezidenti Karol Navrotski ilə münasibətləri və iki ölkə arasında əməkdaşlıq nəzərə alınaraq qəbul olunub.
“Polşanın hazırkı Prezidenti Karol Navrotskinin seçkilərdə uğur qazanması və onunla münasibətlərimiz əsasında ABŞ-ın Polşaya əlavə 5 min hərbçi göndərəcəyini elan etməkdən məmnunam”, – deyə Tramp qeyd edib.
Məlumata görə, açıqlama ABŞ administrasiyasının Avropadakı hərbi mövcudluğu ilə bağlı son qərarların yaratdığı müzakirələr fonunda verilib. Belə ki, bundan əvvəl ABŞ müdafiə naziri Pit Heqseth Polşa və digər Avropa ölkələrinə planlaşdırılan bəzi hərbi yerləşdirmələri dayandırmışdı.
Qeyd edək ki, Polşa hazırda Ukraynaya Qərb hərbi yardımlarının əsas keçid məntəqələrindən biri hesab olunur. Hazırda ölkədə təxminən 10 min ABŞ hərbçisi xidmət göstərir.
Bizim.Media

































































































