Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq – Tarix AÇIQLANDI

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq – Tarix AÇIQLANDI

Hazırda oxunan: Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq – Tarix AÇIQLANDI

641488

2027-ci ildə ölkəmizdə Özəl Məhkəmə Ekspertlərinin Palatası yaraılacaq.

Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Özəl Məhkəmə Ekspertlərinin Palatası üzvlərinin hüquqlarını və qanuni mənafelərini qorumaq, onların fəaliyyətini əlaqələndirmək məqsədilə özəl məhkəmə ekspertlərinin məcburi üzvlüyü əsasında yaradılan, fəaliyyətini özünüidarəetmə prinsipi üzrə həyata keçirən qeyri-kommersiya hüquqi şəxs olacaq.

Özəl məhkəmə eksperti Məhkəmə Ekspertlərinin Reyestrinə daxil edildiyi andan Palatanın üzvü olur. Özəl məhkəmə ekspertinin fəaliyyətinə xitam verildikdə onun Palataya üzvlüyünə xitam verilir.

Keçid müddəalarına əsasən, Palata dövlət qeydiyyatına alınanadək onun səlahiyyətləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçiriləcək. Palata dövlət qeydiyyatına alınanadək özəl məhkəmə ekspertlərinin üzvlük haqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ədliyyə orqanlarının xüsusi xəzinə hesabına köçürüləcək və özəl məhkəmə ekspertizası fəaliyyətinin məqsədləri üçün istifadə olunacaq.

Palata Məhkəmə Ekspertləri Reyestrinə daxil edilmiş özəl məhkəmə ekspertləri tərəfindən təsis ediləcək. 2027-ci il iyulun 1-dək Reyestrə daxil edilmiş özəl məhkəmə ekspertlərinin sayı 50 (əlli) nəfərə çatmazsa, təsis yığıncağı Reyestrə daxil edilmiş özəl məhkəmə ekspertlərinin azı üçdə ikisinin iştirakı ilə keçiriləcək. İclasa təsis yığıncağında iştirak edən ən yaşlı özəl məhkəmə eksperti sədrlik edəcək. Məhkəmə Ekspertləri Reyestrinə 50 (əlli) özəl məhkəmə eksperti daxil edildikdən sonra bir il müddətində Palata təsis edilməzsə, təsis yığıncağı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən çağırılacaq. Palata dövlət qeydiyyatına alındığı andan Məhkəmə Ekspertləri Reyestrinə daxil edilmiş bütün özəl məhkəmə ekspertləri onun üzvü hesab ediləcəklər.

Özəl Məhkəmə Ekspertlərinin Palatasının yaradılması nə vəd edir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Əkrəm Həsənov deyib ki, bu peşəkar bir palata olacaq:

“Necə ki, Auditorlar, Qiymətləndiricilər Palatası var. Yəni bundan sonra rəsmi rəyi bu Palatanın üzvləri verəcəklər. Məhkəmə ekspertizası bu vaxtadək əsasən Ədliyyə Nazirliyinin müvafiq qurumları tərəfindən aparılırdı. Bəzi rəyləri isə özəl ekspertlər verirdi. İndi bu sahə sistemləşdirilir. Bundan sonra məhkəmə ekspertiziasını ancaq bu Palatanın üzvləri aparacaq. 

Bu da vacib amildir. Çünki hər yerindən duran ekspertiza həyata keçirə bilməz. Ümid edirik ki, yeni Palata bu sahədəki çatışmazlıqları aradan qaldıracaq. Çünki bu vaxtadək ekspertiza rəylərinin subyektiv maraqlara söykənərək hazırlanması barədə çoxlu faktlar var. Yeni Palatanın da məramı, məqsədi bu narazılıqları aradan qaldırmaq və obyektiv ekspertiza rəyləri verməkdir. Yeni Palatanın bu vəzifənin öhdəsindən necə gələcəyini isə biz zamanla görəcəyik”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO