Sentyabrın 27-də Anım Günü münasibətilə Daşkəsən rayonunun minlərlə sakini gün ərzində Daşkəsən Şəhidlər Xiyabanını ziyarət edib.
Bizim.Media-nın Qərb bürosunun verdiyi məlumata görə, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov Şəhidlər Xiyabanındakı əbədi məşəlin önünə əklil qoyub.
İcra başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailələri, müharibə veteranları, qazilər, ictimaiyyət nümayəndələri və sakinlər şəhid məzarlarına gül düzüb, ruhlarına və xatirələrinə dərin hörmət və ehtiram bildiriblər.
Rayon rəhbəri Orxan Abbasov, həmçinin rayonun şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və iştirakçıları ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.
Saat 12:00-da rayon ərazisində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhidlərimizin xatirəsinə ehsan süfrəsi açılıb. Tədbirdə iştirak edən rayon rəhbəri Orxan Abbasov çıxışında 27 Sentyabr – Anım Gününün xalqımızın qəhrəman şəhidlərinə olan dərin ehtiramının təcəssümü olduğunu vurğulayıb.
O qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Zəfər şəhidlərimizin qanı və qazilərimizin şücaəti sayəsində qazanılıb, onların xatirəsi hər zaman qəlbimizdə yaşayacaq.


















Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

























































































