“Kritik mineralların etibarlı təchizatı bu gün iqtisadi təhlükəsizliyin mühüm şərtinə çevrilib. Enerji keçidi, elektromobillik, süni intellekt və rəqəmsal infrastruktur yeni materiallara tələbatı artırır”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil edilmiş panel müzakirəsində deyib.
Nazir bildirib ki, günəş və külək enerjisi qurğularının, batareyaların, elektrik şəbəkələrinin və müasir sənaye avadanlıqlarının inkişafı mineral xammalın mövcudluğu ilə birbaşa bağlıdır.
Buna görə də bugünkü müzakirəmiz həm sənayenin gələcəyinə, həm də ölkələr arasında etibarlı tərəfdaşlığın qurulmasına xidmət edir. Rəşad İsmayılovun sözlərinə görə, qlobal gündəmdə geosiyasi gərginliklər, ixrac məhdudiyyətləri və təchizatın azsaylı mənbələrdə cəmləşməsi xüsusi narahatlıq doğurur.
"Beynəlxalq Enerji Agentliyinin (IEA) 2026-cı il üzrə qiymətləndirməsi göstərir ki, emal imkanlarının azsaylı ölkələrdə cəmləşməsi və qiymət dəyişkənliyi təchizat təhlükəsizliyini zəiflədir. Bu şəraitdə yeni yataqlarla yanaşı, emal güclərinə, texnologiyaya və alternativ nəqliyyat marşrutlarına investisiyalar da mühüm əhəmiyyət daşıyır. Azərbaycanın yanaşması uzunmüddətli əməkdaşlığa, resurslardan səmərəli istifadəyə və qarşılıqlı faydaya əsaslanır".
Nazir vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına xüsusi diqqət yetirilir.
"Sevindirici haldır ki, bugünkü tədbirimiz bu sahədə yeni inkişaf istiqamətlərinin müəyyənləşdirildiyi bir dövrə təsadüf edir. Belə ki, sentyabrın 23-də Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə “Azərbaycan Respublikasında dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı” təsdiq olunub.
Proqram təbii resurslardan səmərəli istifadə, ölkə daxilində tam istehsal zəncirinin yaradılması və beş mindən çox daimi iş yerlərinin açılmasını əsas hədəflər kimi özündə əks etdirir. Bu istiqamətlər ölkəmizin kritik mineral xammal potensialının qiymətləndirilməsi və emal imkanlarının inkişafı baxımından da əhəmiyyətlidir.
Dövlət Proqramında mövcud ehtiyatların müasir üsullarla dəqiqləşdirilməsi, geoloji-kəşfiyyat işlərinin genişləndirilməsi, Filizçay yatağının istismara hazırlanması və Qərb Sənaye Parkında emal imkanlarının inkişafı nəzərdə tutulur. Dövlət Proqramı bu istiqamətlərdə yerli və xarici investorların iştirakı üçün də imkanlar yaradır. Bu yanaşma ölkəmizin mineral potensialından daha səmərəli istifadəyə, yeni istehsal sahələrinin yaradılmasına və regionlarda iqtisadi fəallığın artırılmasına xidmət edir.
Qeyd etmək lazımdır ki, Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər və strateji inkişaf sənədlərində ölkəmizdə bu sahədə dairəvi iqtisadiyyata əsaslanan “ağıllı” biznes modellərinin yaradılması, təbii ehtiyatların dövlət-özəl tərəfdaşlığı çərçivəsində dövriyyəyə cəlb edilməsi də hədəflənmişdir.
Ölkəmiz bu hədəflərin icrası üçün zəngin xammal bazasına malikdir. Belə ki, bu günə kimi həyata keçirilən geoloji axtarış-kəşfiyyat işləri nəticəsində hazırda Azərbaycanda 1000-dən artıq faydalı qazıntı yatağı qeydiyyata alınmışdır.
Xüsusilə Azərbaycanın Kiçik Qafqaz, Naxçıvan və Balakən-Zaqatala bölgələrində müəyyən edilmiş metal filizi yataqları kritik mineral xammal potensialının qiymətləndirilməsi üçün mühüm əsas yaradır. Filizçay, Xarxar, Göydağ və Dəmirli kimi yataqların müxtəlif öyrənilmə və işlənmə mərhələlərində olması hər bir layihəyə ayrıca elmi və iqtisadi yanaşma tələb edir.
Həm bu geniş potensiala dair məlumatların əlçatanlığını artırmaq, həm də investisiya mühitini təkmilləşdirmək məqsədilə hazırda 1932-ci ildən fəaliyyət göstərən Dövlət Geoloji İnformasiya Fondunun məlumat bazasının rəqəmsallaşdırılması istiqamətində fəal işlər aparılır.
Əsas prioritetimiz məhz bu cür müasir yanaşmalar və ardıcıl geoloji-kəşfiyyat işləri vasitəsilə mövcud potensialı dəqiqləşdirmək, iqtisadi cəhətdən səmərəli ehtiyatları ciddi ekoloji tələblərə uyğun şəkildə istifadəyə cəlb edərək, Azərbaycanın zəngin mineral ehtiyatları və əlverişli coğrafi mövqeyi hesabına qlobal kritik xammal təchizatının şaxələndirilməsinə mühüm töhfə verməkdir.
Ölkəmizin mineral xammal bazasında mis də mühüm yer tutur. Elektrik şəbəkələri və enerji avadanlıqları üçün əhəmiyyətli olan bu metal üzrə həm hasilat təcrübəmiz, həm də yeni imkanlarımız var.
Mis hasilatı ilə yanaşı, ölkəmizin mineral xammal bazasında kobalt və vanadium resursları, sürmə, manqan və digər potensial kritik xammal təzahürləri mövcuddur. Bu imkanların sənaye əhəmiyyətinin müəyyənləşdirilməsi üçün geoloji məlumatların dəqiqləşdirilməsi, ehtiyatların beynəlxalq standartlara uyğun qiymətləndirilməsi və emal sınaqlarının aparılması vacibdir.
Bu səbəbdən geoloji məlumatların rəqəmsallaşdırılması, ehtiyatların beynəlxalq hesabatlılıq standartlarına uyğun qiymətləndirilməsi və laboratoriya imkanlarının gücləndirilməsi prioritetlərimiz sırasındadır.
Əsas məqsədimiz geoloji potensialı etibarlı məlumatlarla təsdiqlənmiş investisiya fürsətlərinə çevirmək, yerli emal imkanlarını qiymətləndirmək və Azərbaycanın kritik mineral xammal üzrə dəyər zəncirlərində rolunu gücləndirməkdir.
Kritik mineralların məsuliyyətli idarə olunması Azərbaycanın milli iqlim gündəliyinin əsas istiqamətlərindən biridir.
Bildiyiniz kimi, Bakıda keçirilən COP29 çərçivəsində enerji keçidi üçün zəruri olan bu mineralların gələcəyi beynəlxalq müzakirələrin mərkəzində dayanırdı. Tədbir zamanı qəbul edilmiş qlobal təşəbbüslər - xüsusilə 2030-cu ilədək enerji saxlama gücünün altı dəfə artırılaraq 1500 qiqavata çatdırılması və 25 milyon kilometr elektrik şəbəkəsinin yaradılması və ya yenilənməsini nəzərdə tutur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi olaraq əsas prioritetimiz yaşıl texnologiyalar üçün zəruri mineral xammalın hasilatı zamanı ətraf mühitə təsirlərin minimuma endirilməsini və təbii ehtiyatlardan səmərəli istifadəni təmin etməkdir. Bu baxımdan, suyun təkrar dövriyyəsi, enerji səmərəliliyi, tullantıların təhlükəsiz idarə olunması, biomüxtəlifliyin qorunması və istismar başa çatdıqdan sonra torpaqların rekultivasiyası kimi məsələlər layihələndirmə mərhələsindən diqqətdə saxlanılmalıdır.
Bildiyiniz kimi, hazırda Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri mineral ehtiyatlardan səmərəli istifadə üçün yeni imkanlar yaradır. Bərpa və yenidən qurulan yollar, enerji və su infrastrukturu istehsal layihələrinin inkişafına möhkəm zəmin formalaşdırır.
Biz Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı yataqların iqtisadi dövriyyəyə cəlb olunmasına məhz bu bütöv yanaşma ilə baxırıq. İcra edilən hər bir layihə məşğulluğa və ixraca töhfə verməklə yanaşı, ərazinin bərpa planları, su ehtiyatları və ekosistemlərin həssaslığı ilə uzlaşdırılmalıdır.
Hasil edilən mineral xammal və emal məhsullarının dünya bazarlarına çıxarılması da mühüm şərtdir. Bu baxımdan, Azərbaycanın strateji Orta Dəhliz üzərində yerləşməsi daşınma marşrutlarının şaxələndirilməsi və regional əməkdaşlığın genişləndirilməsi üçün bizə və tərəfdaşlarımıza əlavə üstünlük qazandırır.
Məhz bu geniş imkanları nəzərə alaraq, bu forumda təmsil olunan şirkətləri və maliyyə institutlarını geoloji kəşfiyyat, səmərəli və təkrar emal texnologiyalarının tətbiqi, habelə mütəxəssis hazırlığı üzrə fəal əməkdaşlığa dəvət edirik. Beynəlxalq tərəfdaşlarla birgə texniki əməkdaşlıq daha təmiz istehsalın təşkilinə, qabaqcıl sənaye standartlarının tətbiqinə və yerli bacarıqların inkişafına birbaşa töhfə verə bilər.
Bir sözlə, Azərbaycan öz kritik mineral potensialını məsuliyyətlə inkişaf etdirməyə, ölkə daxilində əlavə dəyər yaratmağa və qlobal təchizatın dayanıqlılığına töhfə verməyə hazırdır.
Forumdan əsas gözləntilərimiz də məhz dağ-mədən sənayesində müasir yanaşmaların tətbiqi, etibarlı və uzunmüddətli tərəfdaşlıqların qurulması, eləcə də işğaldan azad edilmiş ərazilər də daxil olmaqla, bu sahəyə investisiyaların artırılmasıdır", o əlavə edib.
Fəridə, Bizim.Media





























































































