Təhsildə TƏMAYÜL MODELİ – Bütün məktəblərdə tətbiq olunacaq?

Təhsildə TƏMAYÜL MODELİ – Bütün məktəblərdə tətbiq olunacaq?

Hazırda oxunan: Təhsildə TƏMAYÜL MODELİ – Bütün məktəblərdə tətbiq olunacaq?

637015

Xəbər verdiyimiz kimi yeni təmayül modelinin əhatəsi genişləndirilir. Təhsil sistemində tətbiq olunan bu modelin daha çox məktəbi və şagirdi əhatə etməsi, tədrisin şagirdlərin maraq və bacarıqlarına uyğun istiqamətləndirilməsi nəzərdə tutulur.

Bəs yeni təmayül modelinə keçidi ənənəvi məktəblərin uduzmağı kimi dəyərləndirmək olarmı?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında təhsil üzrə mütəxəssis, ekspert Ramin Nurəliyev bildirib ki, təmayül modeli bütün məktəblərə şamil olunmalıdır.

Mütəxəssisin sözlərinə görə, yeni təmayül modelinə keçid yaxşı sistemdir, amma bütün orta məktəblərə şamil olunduğu təqdirdə... O qeyd edib ki, burada ayrı-seçkiliyə yol verilməməlidir:

"Biz orta ümumtəhsil məktəblərindən şagirdləri seçib təmayül siniflərinə toplayacağıq, həmin siniflərə müəyyən müəllimlər təyin edəcəyik. Bu müəllimlər onlara dərs keçəcək, şagirdlər universitetlərə qəbul istiqamətində müəyyən nailiyyətlər əldə edəcək və bu da bir uğur kimi göstəriləcək. Bu, əslində, yanlış yanaşmadır".

“Digər şagirdləri önəmsəməmiş oluruq”

Mütəxəssis vurğulayıb ki, bu halda biz digər məktəblərdə qalan şagirdləri önəmsəməmiş oluruq. Həmin şagirdlər bu imkanlardan istifadə edə bilmirlər. Bununla yanaşı, digər müəllimlər də təmayül məktəblərində tədrisə cəlb olunmadıqları üçün sanki daha zəif müəllimlər kimi qiymətləndirilə bilərlər.
 

Bu da istər-istəməz həm şagird, həm də müəllimlər baxımından ayrı-seçkiliyə gətirib çıxara bilər. Ənənəvi məktəblərdə təhsil alan şagirdlərin və onların valideynlərinin günahı nədir sualı ortaya çıxa bilər.


Mən düşünürəm ki, bu model bütün orta ümumtəhsil məktəblərinə şamil olunsaydı və bütün məktəblərdə ümumi tədris proqramı dəyişdirilsəydi, daha yaxşı olardı".

Yuxarı siniflərdə tədris planı dəyişdirilməlidir

Ramin Nurəliyevin fikrincə, bütün məktəblərdə tədris planını dəyişib yuxarı siniflərdə həmin tədris proqramına və universitetlərə qəbul sisteminə uyğun tədris həyata keçirilsə bu, daha doğru yanaşma olardı.

"Çünki artıq bizim cəmiyyətdə ali təhsil anlayışı formalaşıb. Biz uşaqlarımızı müəyyən yaşdan sonra ali təhsil istiqamətində hazırlayırıqsa və onların ali təhsilli olmasını istəyiriksə, cəmiyyətin düşüncəsinə və psixologiyasına uyğun addım atmalıyıq, deyə düşünürəm. Ona görə də təklifim bütün yuxarı siniflərdə universitetlərə hazırlıq istiqamətində tədris planının dəyişdirilməsidir".

Təhsil eksperti əlavə edib ki, bu, dərsliklərin və tədris planının dəyişdirilməsini də əhatə edir.

"Mövcud vəziyyət müəyyən qədər dəstək olacaq, amma müsbət tərəfləri olduğu kimi, mənfi tərəfləri də olacaq. Müsbət tərəfi ondan ibarət olacaq ki, uşaqlar daha rahat şəkildə təmayül siniflərində universitetlərə hazırlaşa biləcəklər. Mənfi tərəfi isə qeyd etdiyimiz ayrı-seçkilikdir və bu, problem kimi ortaya çıxa bilər".

“Güclü müəllim” yanaşması ayrı-seçkilik yarada bilər

O, təmayül modellə bağlı sosial media postları və məlumatlarda  həmin məktəblərə cəlb edilən müəllimlər barədə məlumatlarda “güclü müəllim” fikirlərindən istifadə edilməsi məsələsinə də münasibət bildirib.

Mütəxəssis hesab edir ki, bu düşüncədən, yanaşmadan istifadə etmək lazım deyil. Bu, yanlış düşüncədir.

"Bu yanaşma - bir məktəbdə çalışan müəllimi güclü, digər məktəbdə çalışan müəllimi isə zəif müəllim kimi təqdim edilməsi tamamilə müəllimlik peşəsinə hörmətsizlik kimi qiymətləndirilə bilər.
 

Digər məktəblərdə çalışan elə güclü müəllimlər var ki, təmayül məktəblərində işləmək istəmirlər. Məhz buna görə də həmin müəllimlərin kölgədə qalmasına gətirib çıxara bilər. Və yaxud digər məktəblərdə oxuyan şagirdlər “bizə zəif müəllimlər dərs keçdi” deyərək müəllimi lağa qoya bilərlər. Bu da müəllimin nüfuzuna müəyyən qədər mənfi təsir göstərə bilər.


Sertifikatlaşdırmada və pedaqoji təcrübə ilə bağlı müəyyən fəaliyyətləri qiymətləndirilərək müəllimlərin təmayül məktəblərinə cəlb olunduğu qeyd edilə bilər. Amma “güclü müəllim” kimi ifadələrdən çəkinmək lazımdır".

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO