DYP-dən hava şəraiti ilə bağlı MÜRACİƏT

DYP-dən hava şəraiti ilə bağlı MÜRACİƏT

Hazırda oxunan: DYP-dən hava şəraiti ilə bağlı MÜRACİƏT

633296

Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə və piyadalara müraciət edib.

Bizim.Media-nın məlumatına görə, müraciətdə qeyd edilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, avqustun 27-dən 30-dək Bakıda və Abşeron yarımadasında, eləcə də ölkənin bir sıra bölgələrində küləkli və yağıntılı hava şəraitinin müşahidə olunacağı, bəzi ərazilərdə küləyin güclənəcəyi bildirilir.

Həmçinin ayrı-ayrı dağlıq və dağətəyi rayonlarda yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, çaylarda sululuğun artacağı və qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Qeyd edilib ki, Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitinin yollarda yarada biləcəyi təhlükələri nəzərə alaraq hərəkət iştirakçılarını diqqətli olmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır.

"Sürücülərə yağıntılı hava şəraitində sürət həddini yol və hava şəraitinə uyğun seçmək, ara məsafəsini artırmaq, qəfil və sərt manevrlərdən çəkinmək, ötmə zamanı xüsusilə ehtiyatlı olmaq tövsiyə edilir. Görünüş məsafəsinin məhdudlaşdığı hallarda işıq cihazlarından düzgün istifadə edilməli, su basmış və sel ehtimalı olan yol sahələrindən keçərkən riskli hərəkətlərə yol verilməməlidir.

Küləyin güclü olduğu ərazilərdə, xüsusilə qoşqulu, tentli və uzunölçülü yük avtomobillərinin sürücüləri daha diqqətli olmalı, daşınan yükün etibarlı bərkidilməsinə və nəqliyyat vasitəsinin dayanıqlılığına xüsusi diqqət yetirməlidirlər.

Piyadalara isə yağıntı və külək səbəbindən görmə imkanlarının məhdudlaşa biləcəyini nəzərə almaq, yolu yalnız müəyyən edilmiş yerlərdən və təhlükəsizliyə tam əmin olduqdan sonra keçmək tövsiyə olunur. Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını dəyişkən hava şəraitini düzgün qiymətləndirməyə, yollarda diqqətli və məsuliyyətli davranmağa çağırır", - məlumatda qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO