Artıq ixtisas seçimi başa çatıb. Bu baxımdan maraqlıdır ki, əvvəlki illərlə müqayisədə bu il oğlan və qız abituriyentlərin ən çox yönəldiyi sahələr hansılar oldu?
Pedaqoji ixtisaslara maraq hələ də varmı?
Bizim.Media xəbər verir ki, AzEdu.az-a bu barədə açıqlama verən elm və təhsil eksperti Səbuhi Abdullayev qeyd edib ki, III qrupda 8 min tələbənin, abituriyentin kəsiləcəyi gözlənilir:
"12-19 avqust tarixlərində keçirilən ixtisas seçimində 87 mindən artıq abituriyent öz ixtisas ərizəsini təsdiqləyibdir. Təbii ki, burada I və II qrupda gərginlik nisbətən aşağıdır, çünki burada plan yerləri iddiaçıların sayına nisbətdə yaxşıdır, ancaq III və IV qrupda kifayət qədər gərginlik yüksəkdir.
Xüsusilə də III qrupda keçirilən müsabiqə şəraitində gərginlik çoxdur, ən azı 5 və ya 8 min tələbənin, abituriyentin kəsiləcəyi gözlənilir. Bununla əlaqədar həm Dövlət İmtahan Mərkəzinin rəhbərliyi öz fikrini bildirmişdi, eyni zamanda statistik təhlillərə baxan zaman bunu aydın şəkildə görmək olur.
İxtisas seçimi edən zaman təbii ki, burada daha yüksək bal toplayanlar özlərinin əvvəldən planlaşdırdığı istiqamətdə həm texniki sahə, həm ümumən humanitar sahədə gedirlər, ancaq nisbətən aşağı bal toplayanlar isə təbii ki, gələcəkdə yaxşı iş tapmaq ümidi ilə ixtisaslarını seçirlər".
Müəllimlik ixtisasını seçənlər kifayət qədər azdır:
"Daha çox valideynlərdən, nənə-babalarından və şagirdlərin özündən eşidirik ki, onlar ixtisas seçməkdən daha çox universitetə qəbul olmağa çalışırlar və təbii ki, bütün gələcək işlərin bacarıqla əlaqəli olduğunu başa düşürlər və sadəcə diplom burada vasitəçi rol oynadığını bilirlər. Təbii ki, burada xüsusi ixtisaslar var ki, müəllimlikdir, hüquqşünaslıqdır və tibb istiqamətləridir ki, bunlar birbaşa həmin pedaqoji və ya humanitar sahənin, eyni zamanda tibb sahəsinin diplomları birmənalı şəkildə gərəkdirir.
Məhs buna görə də həmin ixtisaslar istiqamətində, habelə ixtisas hüquq və tibb istiqamətində bu il daha da yüksəkdir, yəni daha da yüksək əmsaldadır. Buna görə də düşünürəm ki, həmin ixtisaslar istiqamətində yerlər üçün kifayət qədər gərginlik yaranacaq. Ancaq könüllü olaraq da müəllimliyi seçənlər də var, ama bu ümumi nisbəti götürəndə kifayət qədər azdır".
Bizim.Media

































































































