“Yango”da sərnişin SEÇİMİ - Profil şəkliniz yoxdursa, sifarişiniz niyə qəbul edilmir? – FOTOFAKT

“Yango”da sərnişin SEÇİMİ - Profil şəkliniz yoxdursa, sifarişiniz niyə qəbul edilmir? – FOTOFAKT

Hazırda oxunan: “Yango”da sərnişin SEÇİMİ - Profil şəkliniz yoxdursa, sifarişiniz niyə qəbul edilmir? – FOTOFAKT

631979

“Yango” tətbiqində son dövrlər sifariş zamanı sərnişinlərə profil şəkli əlavə etməyin tövsiyə olunduğu barədə bildiriş göstərilir. Bildirişdə qeyd olunur ki, şəkil əlavə edildikdə sürücülərin sifarişi qəbul etmə ehtimalı daha yüksəkdir. Bu isə profil fotosu olmayan sərnişinlərin sifarişlərinin niyə daha az qəbul edildiyi və sürücülərin bu əsasla sərnişin seçmək hüququnun olub-olmaması ilə bağlı suallar yaradır.

Sürücülərin profil şəklini əlavə etməyən sərnişinləri daha az qəbul olunması nə dərəcədə ədalətlidir?

Məsələ ilə bağlı Bizim.Media nəqliyyat eksperti Adil Nəbiyevin fikrini öyrənib. Onun sözlərinə görə,  şəkil sadəcə sərnişini tanımaq üçündürsə, bu normal təhlükəsizlik vasitəsi sayıla bilər.
 

Ancaq fotoşəkil sifariş qəbul edilməmişdən əvvəl sürücüyə göstərilirsə və sürücü həmin görüntüyə əsaslanaraq sifarişi qəbul edib-etməməyə qərar verə bilirsə, burada subyektiv seçim və ayrı-seçkilik riski yaranır:


“Profil şəklinin könüllü şəkildə əlavə edilməsi müəyyən üstünlük yaradır: xüsusilə hava limanı, vağzal, ticarət mərkəzi, insanların sıx olduğu küçə və digər izdihamlı ərazilərdə sürücü sifarişi kimin verdiyini daha asan müəyyən edir. Eyni zamanda sərnişin də tətbiqdə sürücünün şəklini və digər məlumatlarını görə bilir və bunun təhlükəsizlik funksiyası olduğu əsaslandırılır.

Lakin məsələ “sürücülər profil şəkli ilə gedişləri daha çox qəbul edirlər” formasında təqdim ediləndə artıq başqa və kifayət qədər ciddi mövzu ortaya çıxır. Sürücü sərnişinin xarici görünüşünə, yaşına, qadın və ya kişi olmasına və yaxud görüntüdən çıxardığı başqa subyektiv qənaətə əsasən sifarişdən imtina edə bilər. Bu isə taksi xidmətinin mahiyyəti baxımından sağlam yanaşma hesab edilə bilməz.

Sürücünün sifarişi qəbul edib-etməməsinə təsir edən əsas meyarlar sərnişinin görünüşü deyil, sifarişin məsafəsi, götürülmə nöqtəsi, hərəkət şəraiti, xidmətin qaydaları və obyektiv təhlükəsizlik göstəriciləri olmalıdır. Təhlükəsizlik riski varsa, bunun üçün sərnişinin reytinqi, əvvəlki gedişlərlə bağlı təsdiqlənmiş şikayətlər və digər obyektiv mexanizmlərdən istifadə etmək daha məqsədəuyğundur”.

Profil şəkli olmayan sərnişinin sifarişinin daha az qəbul edilməsini normal təcrübəyə çevirmək ədalətli olmazdı
 

A.Nəbiyevin fikrincə, sərnişin şəxsi fotoşəklini platformaya yerləşdirmək istəməyə bilər və bunun müxtəlif tamamilə qanuni səbəbləri ola bilər. Şəxsin fotoşəkil paylaşmaması avtomatik olaraq onun etibarsız, problemli və ya təhlükəli sərnişin olması demək deyil:


“Burada daha balanslı həll tətbiq etmək mümkündür. Sərnişinə profil şəkli əlavə etmək imkanı könüllü verilsin və şəkil əlavə etməyən sərnişinin xidmət almaq imkanını faktiki olaraq zəiflətməsin. Əsas məqsəd sürücünün avtomobilə yaxınlaşdıqdan sonra sərnişini tanımasıdırsa, fotoşəkilin sifariş qəbul edildikdən sonra göstərilməsi daha düzgün mexanizm ola bilər. Belə olduqda sürücü əvvəlcədən sərnişinin xarici görünüşünə əsasən seçim edə bilməz, lakin ünvana çatanda kimi götürəcəyini müəyyənləşdirə bilər”.

Taksi sürücülərinin təhlükəsizliyinin qorunması önəmlidir

Ekspert əlavə edir ki, fotoşəkildən daha neytral üsullar mövcuddur. Məsələn, Yango 2025-ci ildə bəzi bazarlarda sərnişinlə avtomobili uyğunlaşdırmaq üçün dörd rəqəmli PİN kod mexanizminin tətbiqini açıqlayıb və bu üsul sərnişinin düzgün avtomobilə mindiyini təsdiqləməyə imkan verir.

“Mən taksi xidmətində sürücünün təhlükəsizliyinin qorunmasını çox vacib hesab edirəm, çünki sürücü gün ərzində tanımadığı onlarla insanla təmasda olur. Ancaq təhlükəsizlik adı altında sərnişinlərin xarici görünüşünə görə seçilməsinə şərait yaradan mexanizm də formalaşdırılmamalıdır. Ona görə də tətbiqdə “profil şəkli olan sərnişinlərin sifarişləri daha çox qəbul edilir” mesajının özü də mübahisəlidir. Bu ifadə istər-istəməz sərnişində belə təəssürat yaradır ki, şəklini təqdim etməsə, xidmət almaq şansı azalacaq.
 

Taksi xidməti ictimaiyyətə açıq nəqliyyat xidmətidir və burada əsas prinsip sərnişinin necə görünməsi deyil, sifarişin qanuni olması, təhlükəsizliyin təmin edilməsi və xidmətin müəyyən edilmiş qaydalara uyğun göstərilməsi olmalıdır”, - o vurğulayır.


Qeyd edək ki, məsələ ilə bağlı “Yango” taksi şirkəti il əlaqə yaratmağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.


Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO