İstehsalat qəzaları ilə bağlı hadisələr iş yerlərində təhlükəsizlik məsələsinin hələ də ciddi problem olaraq qaldığını göstərir. 2025-ci ildə istehsalatla əlaqəli 610 qəzanın təhqiqatı aparılıb.
Belə ki, bu hadisələr nəticəsində 75 nəfər vəfat edib, 605 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Sumqayıtda 19 yaşlı gəncin zavodda dam örtüyünün dəyişdirilməsi zamanı yıxılaraq həyatını itirməsi də son belə hadisələrdən biridir. Bu hadisə xüsusilə tikinti və digər təhlükəli sahələrdə çalışan işçilərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir.
Bəs bu cür qəzalar təhlükəli işlərin qaçılmaz nəticəsidir, yoxsa müəyyən tədbirlərlə onların qarşısını almaq mümkündür?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan əmək münasibətləri üzrə mütəxəssis Ağamusa Səfiyev bildirir ki, ağır və ölümcül qəzaların böyük hissəsini "qaçılmaz bədbəxt hadisə" kimi qəbul etmək olmaz:

“Bütün riskləri sıfıra endirmək mümkün olmasa da, onları əvvəlcədən müəyyənləşdirmək və idarə etməklə çoxsaylı qəza və xəsarətlərin qarşısını almaq tamamilə mümkündür. Ən vacib məqam budur ki, qəza baş verdiyi anda başlamır. Onun arxasında adətən uzun bir səbəblər zənciri dayanır: təhlükə → riskin müəyyən edilməməsi → risk qiymətləndirilməsinin aparılmaması və ya formal aparılması → təhlükəsiz iş üsulunun olmaması → təlim və səriştə çatışmazlığı → texniki və ya təşkilati nəzarətin zəifləməsi → təhlükəli davranışa vaxtında müdaxilə edilməməsi → qəza.
Bu zəncirin hər hansı bir halqası vaxtında qırılsa, qəza baş verməz. Ona görə də sadəcə "işçi yıxıldı" və ya "işçi qaydaya əməl etmədi" deməklə kifayətlənmək olmaz. İnsan səhvi çox vaxt qəzanın son halqasıdır; əsas səbəblər isə sistemdə daha əvvəl formalaşır”.
İşəgötürənin əsas vəzifəsi təhlükəsiz iş şəraitini kağız üstündə deyil, real şəkildə təmin etməkdir
Ekspert işəgötürən müəssisənin tətbiq etməli olduğu təhlükəsizlik qaydalarına diqqət çəkib:
İş yerlərində risklər əvvəlcədən müəyyənləşdirilməli və qiymətləndirilməli;
Təhlükə mümkün olduqda mənbəyində aradan qaldırılmalı;
Hündürlükdə iş, elektrik qurğuları, qaldırıcı mexanizmlər kimi yüksək riskli sahələr üçün xüsusi təhlükəsizlik prosedurları tətbiq edilməli;
Prioritet olaraq kollektiv mühafizə vasitələri (məsələn, mühafizə çəpərləri, torlar), daha sonra isə zəruri fərdi mühafizə vasitələri (kəmərlər, dəbilqələr) təmin edilməli;
İşçilərin yalnız sənəd üzərində təlimatlandırılması ilə kifayətlənməyib, onların praktiki səriştəsi yoxlanılmalı;
Yüksək riskli işlərə nəzarət üçün "İşə icazə" sistemi tətbiq edilməlidir.
Ölkəmizdə əməyin mühafizəsi üzrə qanunvericilik bazası və dövlət nəzarəti mexanizmləri mövcuddur
A.Səfiyev qeyd edir ki, Dövlət Əmək Müfəttişliyi Xidməti baş vermiş qəzaların təhqiqatını aparır, maarifləndirici və preventiv tədbirlər həyata keçirir.
Onun sözlərinə görə, 2025-ci ildə Xidmət tərəfindən 6,897 hüquq pozuntusunun aşkarlanması nəzarət mexanizmlərinin işlədiyini göstərir:
“Lakin əsas transformasiya reaktiv nəzarətdən proaktiv nəzarətə keçidin sürətləndirilməsidir. Yəni biz qəza baş verdikdən sonra araşdırma aparmaqla kifayətlənməməli, yüksək riskli obyektlərdə qəza baş verməmişdən əvvəl təhlükəli şəraiti aşkarlayıb aradan qaldırmalıyıq”.
Ekspert son olaraq vurğulayır ki, istehsalat qəzasını "bədbəxt hadisə", "tale" və ya sadəcə "işçinin ehtiyatsızlığı" kimi izah etmək ən asan yoldur.
Lakin “Qəza baş verməmişdən əvvəl biz nəyi görmədik?” sualı verilməlidir, çünki insanlar o müəssisələrə həyatını riskə atmağa deyil, işləməyə gedir.
Xədicə Paşayeva, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:40 / 13.08.2026
Bir ildə 75 nəfərin həyatına son qoyan BƏLA – Məsuliyyəti kim daşıyır?
Hazırda oxunan: Bir ildə 75 nəfərin həyatına son qoyan BƏLA – Məsuliyyəti kim daşıyır?
Hazırda oxunan: Bir ildə 75 nəfərin həyatına son qoyan BƏLA – Məsuliyyəti kim daşıyır?
630528
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































