Qadın sürücülərə qarşı AQRESSİYA - Qəza statistikasının nəticəsidir, yoxsa mentalitetin?

Qadın sürücülərə qarşı AQRESSİYA - Qəza statistikasının nəticəsidir, yoxsa mentalitetin?

Hazırda oxunan: Qadın sürücülərə qarşı AQRESSİYA - Qəza statistikasının nəticəsidir, yoxsa mentalitetin?

624497

Azərbaycan qadını sükanı rahatlıqla əldə etməyib. Sükan arxasına keçmək üçün uzun müddət mübarizə aparıb. Amma istəyinə çatsa da, əkc cinsin təfəkkürünü dəyişə bilməyib. Çünki günümüzdə hələ də sükan arxasındakı qadın – kişilərin gözündə badəyə sarılmış ilan kimi görünür.

Üstəlik, bu kişilər arasında kifayət qədər savadlı, müasir olanları da var ki, “qadın sürücü” başlığını harda gördü basdırılmış nifrətini azadlığa buraxacaqlar. Halbuki insanın cinsi yox, davranışı və diqqətsizliyi qəza yaradır. Amma sosial şəbəkələrə baxanda elə təəssürat yaranır ki, hər yol problemi qadın sürücülərin səbəbindən baş verir.

Bəs bu münasibətin arxasında həqiqətən statistika dayanır, yoxsa illərlə formalaşmış stereotiplər və emosional reaksiyalar?

Sosioloqlar deyir ki, son iki amil fikirlərin formalaşmasında rol oynayır. Burada statistikanın cüzi payı var, o da “qadınlar park edə bilmir" qənaətidir. Amma bu məsələ təcrübəsizlikdən çox yüksək ehtiyatlılıqdan qaynaqlanır. Kişilər idarəetmə və parklanmada bəzən yersiz cəsarət nümayiş etdirirlər.
 

Qəzalara gəlincə, ölkədə kişilər ümumilikdə daha çox ağır yol-nəqliyyat hadisələri törədir, çünki maşını daha yüksək sürətlə idarə edir və riskli davranışlara (məsələn, sərxoş vəziyyətdə və narkotik maddələrin təsiri altında sürmə) daha çox meyl göstərirlər. Buna görə ölümcül qəzalarda kişilərin payı adətən daha yüksək olur.


Bununla belə, bir çox yerlərdə cinsə əsaslanan xəbərlər qabardılır. Burada elə ən böyük yanlışı media edir. “Qadın sürücü qəza törətdi” başlığı ilə verilən xəbərlər çox oxunma gətirdiyi üçün bu rahat üsula demək olar ki, bütün media qurumları əl atır. Halbuki “Jurnalistlərin etik davranışı” qaydalarında cinsi ayrı-seçkilik qadağandır.

Qadınların hədəf alınması təkcə sosioloji problem deyil, həm də psixolojidir. Yuxarıda qeyd etdiyimiz stereotiplər oxşar hadisələrin beyinə ilişib qalmasından qaynaqlanır.

Məsələn, bir qadının etdiyi sürücülük səhvi “qadın sürücüdür də” deyə yadda qalır, amma eyni səhvi edən kişiyə əhəmiyyət verilmir.  Psixologiyada buna təsdiqləmə meyli deyilir. Əslində şüuraltı özləri də dərk edirlər ki, cins sürücünün bacarığını göstərmir. Təcrübə, sürücülük vərdişləri, diqqət insanın necə sürücü olduğunu müəyyən edir...

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO