Braziliyada 8 300-dən çox insanın iştirak etdiyi araşdırma göstərib ki, yeməyə əlavə duz səpmək vərdişi kişilər arasında qadınlara nisbətən daha geniş yayılıb.
Bizim.Media "ScienceDaily" jurnalına istinadən xəbər verir ki, tədqiqatın nəticələrinə görə, kişilərin 12,7%-i, qadınların isə 9,4%-i yemək süfrəsində əlavə duzdan istifadə etdiyini bildirib.
Alimlər qeyd edirlər ki, qadınlarda bu vərdiş daha çox həyat tərzi və qidalanma ilə əlaqəlidir. Meyvə və tərəvəzi müntəzəm istehlak edən qadınların yeməyə əlavə duz səpmə ehtimalı daha aşağı olub. Əksinə, emal olunmuş qidaları çox yeyən qadınlarda bu vərdiş daha çox müşahidə edilib.
Mütəxəssislər xatırladırlar ki, həddindən artıq duz qəbulu yüksək qan təzyiqi, ürək və böyrək xəstəlikləri, eləcə də idrak qabiliyyətinin zəifləməsi riskini artırır.
Araşdırma müəllifləri duz istifadəsini azaltmaq üçün yeməklərdə müxtəlif otlar, təbii ədviyyatlar və sitrus meyvələrinin şirəsindən istifadə etməyi, həmçinin duzqabını daim süfrədə saxlamamağı tövsiyə edirlər.
Bizim.Media



































































































