Dayanıqlı urban SİYASƏTİ

Dayanıqlı urban SİYASƏTİ

Hazırda oxunan: Dayanıqlı urban SİYASƏTİ

613893

Mayın 17-dən Bakıda Azərbaycanın ev sahibliyi ilə daha bir qlobal tədbirə start verildi. Dünyanın ən nüfuzlu şəhərsalma platformalarından sayılan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası - WUF13 budəfəki toplantısını “Hər kəs üçün yaşayış yerləri: Təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr etdi.

Hazırda bütün dünyanın diqqəti Bakıda yönəlib və beynəlxalq ictimaiyyət Xəzər sahilindən müasir şəhərsalma standartları və urbanizasiya problemlərinin həlli ilə bağlı veriləcək mesajları səbirsizliklə gözləyir.

Şəhərsalma və memarlığın Azərbaycan modeli

Prezident İlham Əliyevin təşəbbüsü və müəllifliyi ilə baş tutan WUF13-ün Bakı sessiyasının siyasi və iqtisadi dividendləri ətrafında geniş müzakirələr gedir. COP29 iqlim sammitindən sonra Azərbaycanın qlobal xarakterli tədbirlərə effektiv ev sahibliyi etmək iqtidarında olduğu həqiqəti artıq hər kəs tərəfindən başa düşülür. Amma cəmiyyət dayanıqlı inkişaf strategiyasında şəhərsalma forumunun əhəmiyyəti və tədbirin qəbul edəcəyi qərarların ölkəmizin siyasi-iqtisadi inkişafında hansı izlər qoyacağını bilmək istəyir. Elə isə nəzərə çatdıraq ki, 

WUF13

1.Azərbaycanın qlobal nüfuzu və beynəlxalq xarakterli tədbirlərə bacarıqla ev sahibliyi edə bildiyinin növbəti təsdiqi olacaq;

2.Ölkəmizin regionda sülh və təhlükəsizliyin təminində müstəsna rol oynadığını dünyaya nümayiş etdirəcək;

3.Müasir şəhərsalma konsepsiyalarının həm azad edilən ərazilərdə, həm də Azərbaycanın digər bölgələrində tətbiqinin real nəticələri ilə tanış olmaq imkanı yaradacaq;

4.Modern şəhərsalma üsullarının tətbiqində çətinlik çəkən dövlət və xalqları Azərbaycanla təcrübə mübadiləsi aparmağa və Bakının şəhərsalma ənənələrini öyrənməyə stimullaşdıracaq;

5.Azərbaycanın turizm potensialı ilə tanış olmaq və turist bölgələrinə səfər etməklə ölkəmizə investisiyaların yatırılmasına gətirib çıxaracaq.
 

Bir sözlə, qlobal şəhərsalma və dayanıqlı inkişaf gündəliyində Azərbaycanın rolu artır. WUF13-ün Bakı sessiyası isə ölkənin müasir şəhər idarəçiliyi və inklüziv inkişaf sahəsində həyata keçirdiyi təşəbbüslərin praktik ifadəsi sayıla bilər.


Həmin təşəbbüslərin bir hissəsi işğaldan azad olunmuş əraziləri əhatə edir. Zəngilan rayonunun Ağalı kəndi nümunəsində ilk dəfə sınaqdan keçirilən “ağıllı kənd” layihəsi müasir şəhərsalma meyarlarına çevik adaptasiyanın konkret sübutudur.

Bu gün Prezident İlham Əliyevin 30 ildən sonra işğaldan azad edilən ərazilərin bərpası üçün irəli sürdüyü model dünya şəhərsalma standartlarına böyük töhfədir. Çünki, yeni dövr hədəflərinə uyğun olaraq Qarabağ və Şərqi Zəngəzur “ağıllı şəhər”, yaşıl texnologiyalar və rəqəmsal idarəetmə yanaşmaları prizmasında urban inkişaf kriteriyalarına tam uyğunlaşdırılır.

İnsanlarla qurulmayan şəhər insanlar üçün qurula bilməz

Bu gün dünya şəhərsalma siyasəti üçün belə bir dəyişməz prinsip var: “İnsanlarla birlikdə qurulmayan şəhər, insanlar üçün də qurula bilməz”. Bakı sessiyasında qonaq olan nüfuzlu xarici ekspert və mütəxəssislər tam əminliklə bildirirlər ki, inkişaf etmiş texnoloji model və planlaşdırma insan rəyi nəzərə alınmadığı təqdirdə effekt vermir, nəticə isə dayanıqlı olmur. Ona görə ki, inklüzivlik sonradan əlavə edilən bir komponent deyil, dayanıqlı şəhər inkişafının təməl şərtidir.
 

Bu yanaşma konkret qlobal şəhərsalma təcrübələrinin uzun illər ərzində formalaşdırdığı əsas dərslərdən biridir.


Məhz bu kontekstdən çıxış edən Prezident İlham Əliyev Ağdam, Laçın, Füzuli, Cəbrayıl, Zəngilan və azad edilən digər bölgələrin sakinləri ilə söhbətlərində şəhərlərin Baş planları hazırlanarkən vaxtilə həmin ərazilərdə yaşayan insanların rəyinin öyrənilməsi və diqqətə alınmasını zəruri sayır. İndiyə qədər Milli Şəhərsalma Forumlarının öncə Ağdam, daha sonra Zəngilanda keçirilməsi Prezidentin müasir şəhərsalma standartlarını quruculuq işlərinin vacib bir elementinə çevirmək istədiyinin faktoloji təsdiqidir. 

“Azərbaycanın Ümumdünya Şəhərsalma Forumu təcrübəsi, həmçinin, ölkəmizdə şəhərsalma sahəsində tətbiq olunan innovativ yanaşmalar, işğaldan azad edilmiş ərazilərdə postmünaqişə şəraitində aparılan genişmiqyaslı bərpa və quruculuq işləri digər ölkələr üçün də nümunədir və biz bu təcrübəni bölüşməyə hazırıq”. - İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Dünya əhalisinin 70 faizi şəhərlərdə yaşayacaq

Təbii, Azərbaycanın təcrübəsi faktiki, strateji dövrə qədəm qoyan UN-Habitat, yəni BMT-nin Məskunlaşma Proqramı üçün yararlı ola bilər. Bu ilin iyulunda Yeni Şəhərsalma Proqramının ortamüddətli icmalı keçiriləcək. Məhz icmalın təqdimatı və əldə olunan nəticələrin qiymətləndirilməsi sayəsində sözügedən proqramın növbəti 10 ili üçün yeni baxış formalaşacaq.

UN-Habitat-ın 2026-2029-cu illəri əhatə edən yeni strateji planının ilk ilində mənzil təminatı, əsas xidmətlərə çıxış və qeyri-formal yaşayış məntəqələrinin transformasiyası məsələləri daha çox aktuallıq daşıyacaq. Hazırda 2 milyard insanın adekvat suya çıxışının olmadığı, 1 milyard insanın qeyri-formal yaşayış məntəqələrində yaşadığı bir dünyada “2030 Gündəliyi”nə nail olmaq mümkün görünmür.

Odur ki, mütəxəssislər tam şəkildə WUF13-ə və sessiyanın gündəliyində əsas mövzu olan mənzil probleminə fokuslanıblar. Proqnozlara görə, bir neçə onillikdən sonra dünya əhalisinin 70 faizi şəhərlərdə yaşayacaq. Bu isə urbanizasiya və Dayanıqlı İnkişaf Məqsədlərinin bir-birinə bağlı olduğunun növbəti ifadəsidir.

Azərbaycanın bütün 79 şəhərinin baş planları yenilənəcək

Azərbaycan dövləti isə müasir şəhərsalma siyasəti çərçivəsində qarşıya konkret hədəflər qoyur. Məhz dünyadakı tendensiyalara istinadən, respublikamızda 79 şəhərdən 68-nin baş planı yenilənib, digər 11 şəhərin baş planı isə hazırlanma mərhələsindədir və özündə ən modern şəhərsalma standartlarını birləşdirir.
 

Məsələn, Bakının 2040-cı ilədək inkişafını nəzərdə tutan baş plan müasir şəhərsalma yanaşmasının qabaqcıl nümunələrindən biri sayılır. Bu model yığcam şəhər inkişafını, inteqrasiya olunmuş ictimai nəqliyyatı, şəhər regenerasiyasını və keyfiyyətli ictimai məkanların formalaşdırılmasını özündə ifadə edəcək.


O ki qaldı azad edilən bölgələrə, son 5 il ərzində Qarabağ və Şərqi Zəngəzurda infrastruktur və mənzil təminatı layihələrinə təxminən 14,7 milyard dollar həcmində investisiya yatırılıb.

Ümumi investisiyanın 2028-ci ilədək 18 milyard dollara çatacağı gözlənilir. Layihələr çərçivəsində “ağıllı infrastruktur”, bərpaolunan enerji, dayanıqlı torpaq istifadəsi və rəqəmsal idarəetmə sistemləri tətbiq olunur. Beləliklə, Bakı forumu tək dünyaya şəhərsalma konsepsiyalarının effektiv tətbiqinə dair mesajların ünvanlanması ilə yadda qalmayacaq, eyni zamanda, bu forum Azərbaycan dövlətinin WUF13-dən irəli gələrək şəhər inkişafı ilə bağlı tam strateji baxışının formalaşmasına gətirib çıxaracaq.

Əlibala Məhərrəmzadə, Milli Məclisin deputatı, professor

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO