Azərbaycanda minlərlə tələbə təhsil haqqını ödəmək üçün tələbə təhsil kreditindən istifadə edir.
Lakin ali məktəbi bitirdikdən sonra iş tapmaqda çətinlik çəkən və ya aşağı maaşla çalışan gənclər üçün həmin kreditlərin geri ödənilməsi ciddi problemə çevrilir. Xüsusilə də bir çox hallarda rəsmi işə başlayan kimi maaşdan aylıq tutulmaların başlaması narazılıq yaradır.
Bəs tələbələr üçün əlavə güzəştlərin tətbiqi, ödənişlərin ertələnməsi və ya müəyyən hallarda borcların silinməsi mümkündürmü?
Bizim.Media xəbər verir ki, “globalinfo.az”a danışan əməkdar müəllim, keçmiş deputat Sona Əliyevanın fikrincə, tələbə təhsil kreditinə adi bank borcu kimi baxmaq doğru deyil:
"Çünki bu kredit kommersiya məqsədi daşımır. Onun əsas mahiyyəti gəncin təhsil almaq imkanını genişləndirməkdir. Deməli, geri ödəniş qaydaları da yalnız rəqəmlərlə deyil, real həyat şərtləri ilə ölçülməlidir. Universiteti bitirən hər gənc dərhal yaxşı maaşlı iş tapmır. Bəziləri ixtisasına uyğun iş tapa bilmir, bəziləri isə çox aşağı maaşla əmək fəaliyyətinə başlayır.
Formal olaraq "işləyir” görünür, amma aldığı gəlir nə özünü təmin etməyə, nə də əlavə kredit yükünü rahat daşımağa kifayət edir. Belə vəziyyətdə hamıya eyni qaydanın tətbiq olunması sosial baxımdan ədalətli görünmür. Əlbəttə, burada söhbət borcların kütləvi şəkildə silinməsindən getmir. Bu, nə maliyyə baxımından dayanıqlı olar, nə də kredit sisteminin məntiqinə uyğun gələr”.
Sona Əliyeva deyib ki, lakin daha çevik güzəşt mexanizmləri tətbiq oluna bilər:
"Məsələn, məzunun gəliri müəyyən həddən aşağıdırsa, ödəniş müvəqqəti dayandırıla və ya simvolik məbləğlə başlana bilər. Gəlir artdıqca ödəniş də mərhələli şəkildə artırılar. Bu, həm dövlətin vəsaitini qoruyar, həm də gənci ilk iş illərində sıxıntıya salmaz.
İşsizlik məsələsi də ayrıca nəzərə alınmalıdır. Diplom alan gənc real iş tapa bilmirsə, ondan kredit ödənişi tələb etmək düzgün yanaşma deyil. Bu, gənci təkcə maddi deyil, psixoloji olaraq da ağır vəziyyətə salır. Digər tərəfdən, dövlət üçün vacib sahələrdə çalışan məzunlara xüsusi güzəştlərin verilməsi də düşünülə bilər.
Regionlarda müəllim, həkim, mühəndis, sosial işçi kimi fəaliyyət göstərən gənclərin borcunun müəyyən hissəsinin silinməsi həm sosial baxımdan ədalətli olar, həm də kadr çatışmazlığı olan sahələrə marağı artırar. Bu halda kredit güzəşti yalnız yüksək akademik nəticəyə görə deyil, cəmiyyətə verilən real töhfəyə görə də tətbiq edilmiş olar”.
S.Əliyeva bildirib ki, dövlətin verdiyi vəsait geri qayıtmalıdır:
"Amma bu proses gəncin həyatına əlavə təzyiq kimi düşməməlidir. Əgər sistem məzunun maaşını, iş tapmaq imkanını və sosial vəziyyətini nəzərə almırsa, təhsil krediti sosial dəstək mexanizmindən çıxıb uzunmüddətli yükə çevrilə bilər.
Ona görə hesab edirəm ki, Azərbaycanda tələbə təhsil kreditləri üzrə qaydalar daha real və çevik olmalıdır. Aşağı gəlirli məzunlar üçün ödənişin ertələnməsi, işsiz gənclərə möhlət verilməsi, regionlarda və strateji sahələrdə çalışanlar üçün qismən borc güzəştlərinin tətbiqi ciddi şəkildə müzakirə edilməlidir”.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
22:06 / 16.05.2026
Bu şəxslərin kredit müddəti uzadıla bilər – Güzəştlər gözlənir
Hazırda oxunan: Bu şəxslərin kredit müddəti uzadıla bilər – Güzəştlər gözlənir
Hazırda oxunan: Bu şəxslərin kredit müddəti uzadıla bilər – Güzəştlər gözlənir
613590
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































