Bakıda Qərbi Azərbaycan xalçaçılığına dair SƏRGİ - FOTO

Bakıda Qərbi Azərbaycan xalçaçılığına dair SƏRGİ - FOTO

Hazırda oxunan: Bakıda Qərbi Azərbaycan xalçaçılığına dair SƏRGİ - FOTO

610752

Mayın 2-də Azərbaycan Milli İncəsənət Muzeyində Qərbi Azərbaycanın Göyçə və Qaraqoyunlu bölgələrinə aid “İlmələrdə yaşayan tariximiz” adlı sərginin açılış mərasimi keçirilib.

Bizim.Media “azertag.az”a istinadla xəbər verir ki, 5 May – Xalçaçı Gününə həsr olunmuş sərginin açılış mərasimində Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Çəmbərək rayon icmasının sədri Əvəz Ələkbərov, icmanın qadınlarla iş üzrə məsul şəxsi Aynurə Məhəmmədova, Qərbi Azərbaycan İcmasının (QAİ) sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli və digər çıxış edənlər sərginin önəmindən söz açıblar.
 

Qeyd olunub ki, təqdim olunan xalçalar yalnız dekorativ-tətbiqi sənət nümunəsi deyil, həm də Qərbi Azərbaycanın tarixi yaddaşını, mədəni kimliyini və məişət ənənələrini yaşadan qiymətli irs nümunələridir.


Bu cür sərgilər Azərbaycan mədəni izlərinin qorunması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, xalçaçılıq sənətinin qadın yaradıcılığı ilə sıx bağlı olduğu və bu ənənənin yaşadılmasının milli irsin davamlılığı üçün xüsusi rol oynadığı diqqətə çatdırılıb.

Tədbirin bədii hissəsində musiqi nömrələri təqdim olunub, “Xəzri” rəqs qrupu çıxış edib.

Daha sonra qonaqlar sərgi ilə tanış olublar.Sərginin ekspozisiyasını Göyçə və Qaraqoyunlu bölgələrinə aid, vaxtilə həmin ərazilərdə yaşayan azərbaycanlı qadınlar tərəfindən toxunmuş xalçalar təşkil edir.

Bu xalçalar 1987–1991-ci illərdə baş vermiş son deportasiya dalğası zamanı soydaşlarımız tərəfindən ən dəyərli və müqəddəs əşyalar kimi qorunaraq Azərbaycana gətirilib, bu günədək milli irsimizin canlı nümunəsi kimi yaşadılıb.
 

Təqdim olunan xalçalar əsasən İrəvan xalçaçılıq məktəbinə aid olsa da, onların ornament və naxış sistemində Gəncə, Qazax və Naxçıvan xalçaçılıq məktəblərinə xas bədii xüsusiyyətlər də aydın şəkildə hiss olunur. Xalçalarda istifadə olunan həndəsi elementlər, simvollar və kompozisiya quruluşu milli kimliyimizin dərin qatlarını əks etdirir.


Sərgidə nümayiş olunan nümunələrdə Göyçə və Qaraqoyunlu bölgələrinin zəngin təbiəti də öz bədii ifadəsini tapır. Xalça ornamentlərində əks olunan nərgiz, bənövşə və lalə motivləri həmin ərazilərin estetik ruhunu və yaddaşını bu günə qədər yaşadır.

Mayın 3-dək davam edəcək sərgi ziyarətçilərə Qərbi Azərbaycanın zəngin xalçaçılıq ənənələrini, bu sənətin daşıdığı tarixi yaddaşı və milli kimlik elementlərini yaxından tanımaq imkanı yaradır.
























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO