Hamı üçün ortaq məkan olan ictimai nəqliyyatda sərnişinlərin davranış mədəniyyəti mütləqdir. Təəssüf ki, ictimai sözünün mənasını dərk etməyən vətəndaşların nəqliyyatda yayxanaraq oturması, digər sərnişinlərin yerini məhdudlaşdırması hallarına tez-tez rast gəlirik. Belə davranışlar təkcə etik problem deyil, həm də qarşılıqlı hörmət məsələsidir.
Bir çox Avropa ölkələrində bu kimi halların qarşısını almaq üçün maarifləndirici kampaniyalar keçirilir, işə yaramayanda isə cərimələr tətbiq olunur. Məsələn, Madrid və Paris kimi meqapolislərdə “manspreading”ə (kişilərin yayxanıb oturması) görə 70-80 avro cərimələr nəzərdə tutulub.
Azərbaycanda isə bu məsələ daha çox ictimai qınaq səviyyəsində qalıb, ona görə də problem davam edir. Xüsusilə də tək adam etiraz edəndə effekt az olur, amma ən azından 3-4 nəfər narazılığı bildirsə özünü yığışdırmaq məcburiyyətində qalır.
Maraqlıdır ki, kişilərin yayxanıb oturması ilə yanaşı qadınların da ayaqları çarpazlayıb “ərəbzəngi” kimi yol tutması problemi var.
Xüsusilə gənc nəsil qızların evindəki kimi ayağını aşırıb oturması, bununla da gəlib-gedənə mane olması dəfələrlə ictimai nəqliyyatda böyüklər tərəfindən qınanılıb.
Sadə “qınaq”la həll olunmayan bu problemi Azərbaycanda hüquqi yolla aradan qaldırmaq olar?
Məsələ ilə bağlı hüquqşünas Vamiq Şükürov Bizim.Media-ya bildirdi ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi-nə əsasən, bu cür davranışlar ayrıca maddə ilə göstərilməsə də, Maddə 510.1 üzrə xırda xuliqanlıq çərçivəsində qiymətləndirilə bilər.
Qanuna görə, ictimai qaydanı pozan, cəmiyyətə hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiqi, hədəsi, yaxud özgənin əmlakının məhv edilməsi ilə müşayiət olunmayan hərəkətlərə görə 50 manatdan 100 manatadək cərimə və ya işin hallarından asılı olaraq 15 günədək inzibati həbs tətbiq olunur.
Əgər sərnişin ictimai nəqliyyatda bilərəkdən başqalarının rahatlığını pozur, yer tutaraq digər insanların istifadəsinə mane olur və bu davranış açıq hörmətsizlik kimi qiymətləndirilirsə, artıq bu, inzibati xəta hesab oluna bilər.
Şəfiqə Şəfa, Bizim.Media




























































































