Uşaqlara ad seçərkən diqqət yetirməli olduğumuz MƏQAMLAR

Uşaqlara ad seçərkən diqqət yetirməli olduğumuz MƏQAMLAR

Hazırda oxunan: Uşaqlara ad seçərkən diqqət yetirməli olduğumuz MƏQAMLAR

171562

İnsanın adı başqasının seçimidir. Doğulanda valideynlər övladlarına istədikləri adı verirlər. Onların ad seçimi həm də dünya görüşündən, maraq dairələrindən, etiqad etdikləri dindən xəbər verir. Ona görə də toplumda fərqli, rəngarəng adlar meydana çıxır. 

Lakin bu adların heç də hamısı qəbulolunan deyil. Ölkəmizdə də qəribə adlara rast gəlinir. İnsanlara bəzən meyvə-tərəvəz, heyvan isimləri və heç bir məna kəsb etməyən adlar verirlər.

Azərbaycanda “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları” təsdiq edilib. Həmin Qaydaların 1.4-cü bəndində qeyd olunub ki, uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. Hətta bəzi adlar şəxs adları lüğətindən çıxarılıb. 

Nazirlər Kabineti yanında Terminologiya Komissiyasında hazırlanmış Azərbaycan dilində şəxs adları lüğətinə daxil edilməyən 217 ad var. Vətəndaşların bəzisi bunu normal qəbul etsə də, bəziləri aidiyyatı qurumlarda ad seçiminə müdaxilə və tövsiyələri qəbul etmirlər. 

Maraqlıdır, ad seçilərkən nələr nəzərə alınır?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan deputat Fazil Mustafa deyib ki, xüsusilə dini simvollarla bağlı adlara diqqət etmək lazımdır:

“Bu məsələdə daha çox dini simvolları ifadə edən yaxud da hansısa bir şəkildə müəyyən dərəcədə başqa ölkələrin ideoloji xəttini qabartmaq istəyən adlara məhdudiyyət qoyulmalıdır. Amma bütövlükdə insanın hür iradəsinə qarşı çıxmaq da doğru deyil. Yəni bunlar nəzərə alınmalıdır. Mən də onunla razıyam ki, elə adlar var o cəmiyyətdə uşağın iradəsindən asılı olmayaraq qoyulur və valideynin dünya görüşünə görə seçilir. Valideynin dünya görüşü məhdud olanda seçdiyi ad da sonradan uşaq üçün problem yaradır”.

Depuatat hesab edir ki, bu məsləyə müdaxilə olunması normal haldır:

“Bu həm də uşağın hüququnun qorunması baxımından vacibdir. Məntiqli, normal, Azərbaycana məxsus, milli, türk adlarının qoyulmasında heç bir problem görmürəm, yəni buna qarşı heç bir maneə yoxdur. Amma o adlar ki, sabah uşağın özünə sıxıntı yaradacaq, ona yönəlik addımların atılmasını normal qarşılamaq lazımdır. 

Məncə, bu məsələdə həyəcan təbili çalmağa ehtiyac yoxdur. Ad elə seçilməlidir ki, uşağa sabah ictimaiyyət içində narahatlıq yaradan amillər olmasın. İndiyə qədər kiminsə qulu, kiminsə iti, kiminsə köpəyi kimi dini rəmzlər kimi formalaşan adların sonradan nə qədər sıxıntı yaratdığını görürük. Ona görə də bu məsələlərə ciddi yanaşmaq lazımdır və bəzən müdaxilənin əsassız olmadığı görünməkdədir”.

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO