Polietilen torbalar ÖDƏNİŞLİ OLDU – “ETSN-in apardığı işdə bir səhv var”

Polietilen torbalar ÖDƏNİŞLİ OLDU – “ETSN-in apardığı işdə bir səhv var”

Hazırda oxunan: Polietilen torbalar ÖDƏNİŞLİ OLDU – “ETSN-in apardığı işdə bir səhv var”

120623

Xəbər verildiyi kimi bu gündən Azərbaycanın ticarət şəbəkələrində və marketlərdə polietilen torbalar ödənişlidir. Artıq ticarət şəbəkələri və mağazalarda iri ölçülü polietilen torbalar 5 qəpiyə, daha kiçik ölçülü torbalar isə 3 qəpiyə satılır.

Polietilen torbaların ödənişliyə keçməsi ilə bağlı göstəriş Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ticarət şəbəkələrinə göndərilən məktubda qeyd olunub.

Bidirilib ki, polietilen torba tullantılarının ətraf mühitə mənfi təsirlərini azaltmaq məqsədilə Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 25 nömrəli qərarına əsasən, elə həmin tarixdən etibarən, market kassalarında məhsulların yığılması üçün nəzərdə tutulan, ölçüsü 15-50 mikron olan polietilen torbalar, ayrıca məhsul növü kimi pulla satılır.

Maraqlıdır, yeni qayda polietilen torbalardan istifadəni məhdudlaşdıracaqmı?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azad İstehlakçılar İctimai Birliyinin rəhbəri Eyyub Hüseynov bildirib ki, sellofan torbaların pulla satılması onların hələ 10 il əvvəl qaldırdığı məsələdir:

“Bu MDB və dünya təcrübəsidir, sellofan torbalardan istifadəni azaltmaq üçün yollardan biridir. Lakin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və hökumətin apardığı işdə bir səhv var. Onlar qalınlığı 15 mikrondan kiçik olan torbaları nəzərdə tuturlar. Belə çıxır ki, qalan torbalar ətraf mühiti çirkləndirmir. Çox səhv fikirdir. Mənim nazirlik əməkdaşları ilə söhbətim olub. Onlar deyir ki, nazik sellofanları külək uzağa aparır.

Ona görə də nazik sellofanlarla bağlı belə bir qərar verilib. Yalnış yanaşmadır. Ümumiyyətlə üstü yazılı, yazısız, nazik və ya qalın sellofanların hamısından istifadə məhdudlaşdırılmalıdır. Əksinə qalın və üstü yazılı torbalar yazı rənglərində ağır metalları evə daşıyır. Bəzən onların rəngi çıxır və insanların tədricən zəhərlənməsinə səbəb olur. Bütün hallarda bu, sellofanlar pullu olmalıdır və kassa qəbzləri verilməlidir”.

Eyyub Hüseynovun sözlərinə görə sellofan torbalara alternativ olaraq layihə çərçivəsində 500-ə yaxın bazar torbaları hazırlayıb əhaliyə pulsuz paylayıblar:

“Sellofan torbalara alternativ olaraq Cənub bölgəsində toxunan həsir torbalardan istifadə daha məqsədəuyğundur. Əhalinin birdəfəlik bazar torbasına keçməsi vacibdir. Mən illər boyudur ki, ondan istifadə edirəm. Hökumətin insanların xeyrinə bir çox qərarları var. Amma onların çoxu insanlar tərəfindən xoş qarşılanmır. Məsələn, tütün məmulatlarından istifadənin azaldılmasına dair siqaretlərin tək-tək satışı qadağandır. Eləcə də sellofan torbaların ödənişliyə keçməsi onlardan istifadəni azaldacaq. Başqa çıxış yolu yoxdur”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO