"Azərbaycan Avropa İttifaqı üçün etibarlı və güvənilən enerji tərəfdaşı olduğunu sübut edib".
Bizim.Media xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında bildirib.
“Enerji əməkdaşlığı tərəfdaşlığımızın ən güclü sütunlarından biri olaraq qalır. Son illərdə Azərbaycan Avropa İttifaqı üçün etibarlı və güvənilən enerji tərəfdaşı olduğunu sübut edib.
Biz unutmamışıq ki, Rusiya enerjidən silah kimi istifadə etdiyi və Avropa üçün qaz təchizatını dayandırdığı vaxt Azərbaycan dəstək göstərdi. Cənub Qaz Dəhlizi həqiqətən də Avropanın enerji təhlükəsizliyini gücləndirdi və bu, böyük uğur hekayəsidir. Buna görə sizə təşəkkür etmək istəyirəm. İndi isə biz növbəti mərhələyə hazırlaşırıq. Azərbaycan gələcəyin enerjisinə investisiya yatırır.
Buna Xəzər dənizində dənizüstü külək enerjisinin inkişafı ilə bağlı planlarınız da daxildir. Sizin həm böyük ambisiyalarınız, həm də təmiz elektrik enerjisi üzrə regional mərkəzə çevrilmək üçün böyük potensialınız var.
Bu isə Avropanın yaşıl keçid strategiyası ilə tam uyğunluq təşkil edir. Buna görə də bərpa olunan enerji, elektrik enerjisi bağlantıları və regional enerji şəbəkələri sahəsində əməkdaşlığımızın daha da dərinləşdirilməsi üçün çox böyük potensial görürük.
Azərbaycanı Avropa İttifaqı ilə birləşdirəcək yaşıl enerji dəhlizinin yaradılması planlarını alqışlayırıq.
Bərpa olunan enerji istehsalının artırılması ixrac üçün daha çox qazın sərbəst qalmasına və bununla da qonşu ölkələrlə paylaşılmaqla regional enerji təhlükəsizliyinin daha da möhkəmlənməsinə kömək edə bilər”, - Avropa Komissiyasının Prezidenti qeyd edib.
Bizim.Media




































































































