"Sədat Quliyev və adamları ailəmi öldürməklə hədələyirlər"– Asif Bayramovla MÜSAHİBƏ – FOTO

"Sədat Quliyev və adamları ailəmi öldürməklə hədələyirlər"– Asif Bayramovla MÜSAHİBƏ – FOTO

Hazırda oxunan: "Sədat Quliyev və adamları ailəmi öldürməklə hədələyirlər"– Asif Bayramovla MÜSAHİBƏ – FOTO

614722

“Bu yaxınlarda “Девичья Башня” (Qız Qalası) teleqram kanalının son dövrlər xarici dairələrin və ölkəmizə qarşı olan qüvvələrin sifarişi ilə fəal şəkildə anti-Azərbaycan fəaliyyəti ilə məşğul olması barədə yazmışdıq. Bir çox yerli istifadəçi də buna diqqət çəkərək kanalın admini Sədat Quliyevin fəaliyyətini tənqid edib. Kanalın paylaşımlarını ilk tənqid edənlərdən biri də “BT News” kanalının müəllifi Asif Bayramov olub.

Bayramov bununla bağlı paylaşımı öz teleqram kanalında verdiyi məlumata görə, bundan sonra onun və ailəsinin ünvanına Quliyevin şəbəkəsi ilə əlaqəli şəxslər tərəfindən təhdidlər gəlməyə başlayıb”.

Bizim.Media xəbər verir ki, “day.az” saytında dərc olunan məqalədə öz əksini tapıb.

Belə ki, “Qız Qalası”nın qalmaqallı fəaliyyəti getdikcə daha geniş vüsət alıb. Məsələ ilə bağlı danışan Asif Bayramovun sözlərinə görə, Sədat Quliyev təkcə “Qız Qalası”na sahib deyil. Bu, üçüncü tərəflərin, əsasən də Rusiyada yerləşən dairələrin sifarişi ilə anti-Azərbaycan təbliğatı aparan bütöv bir kanal şəbəkəsidir. Həmin şəxslər isə onun həyatını təhdid edirlər.

“Ailəm təhlükə altındadır. Mənim üstümə təhlükəli bir adam göndəriblər. O, aprelin 26-dan Azərbaycandadır. Bu şəxs həm internetdə, həm də real həyatda məni və ailəmi təhdid edib. O, Rusiya vətəndaşıdır və bildiyim qədərilə Azərbaycanda qalma müddəti məhduddur. Ola bilsin ki, yaxın günlərdə ölkəni tərk etsin. Buna görə də hesab edirəm ki, hüquq-mühafizə orqanları bu məsələyə diqqət yetirməlidir. Mən əlimdə olan bütün materialları onlara təqdim etmək niyyətindəyəm. Çünki söhbət real təhdidlərdən gedir”, – deyə Bayramov bildirib.

Asif Bayramovun sözlərinə görə, o, bütün adları tanımır – həmin şəxslər onlayn şəkildə gizlənirlər və hamısına Sədat Quliyev rəhbərlik edir.

“Mən Sədatla İkinci Qarabağ müharibəsi zamanı tanış olmuşam. Özləri mənimlə əlaqə saxladılar və mən onları həqiqi vətənpərvər hesab etdim. Yaxınlaşdıq, ailə səviyyəsində dostluq münasibətlərimiz yarandı – ünsiyyət qururduq, danışırdıq, düşünürdük ki, hamımız vətənpərvərik. Amma necə böyük səhv etdiyimi sonradan anladım. Daha sonra başa düşdüm ki, onlar ümumiyyətlə Azərbaycanın maraqları naminə işləmirlər.

Birincisi, qeyd etmək istəyirəm ki, onların heç biri Azərbaycanda yaşamır. Hamısı Rusiyada yaşayır və həm erməniləri, həm də Azərbaycanı təhqir edən, açıq şəkildə prorusiya fəaliyyəti aparırlar. Onlar məni “Ukraynanı dəstəkləməkdə” də ittiham edirdilər. Halbuki mən hər zaman ilk növbədə Azərbaycanın maraqlarını əsas götürmüşəm və həqiqəti yazmışam. Mən Rusiya-Ukrayna münaqişəsində heç bir tərəfi seçməmişəm. Mənim üçün əsas prioritet həmişə dövlətimin maraqları olub. Bundan sonra onlardan uzaqlaşdım.

İkincisi, sonradan məlum oldu ki, guya dostluq etdiyimiz dövrdə onlar mənim şəxsi məlumatlarımı toplayır, barəmdə müəyyən “kompromat” hazırlayırmışlar. Hətta məndə elə məlumatlar var idi ki, onları sosial şəbəkələrdən bizim tanışlığımızdan çox əvvəl silmişdim.

Həmin məlumatlar internetdə yox idi. Bu, hələ Telegramdan əvvəlki dövr idi. Özümə sual verdim: bu məlumatlar onların əlinə necə keçib? Məlumatlar 15-20 il əvvəl silinmişdi. Deməli, onlar mənim haqqımda hələ “dostluqdan” əvvəl məlumat toplayıblar ki, sonradan müəyyən təzyiq vasitəsi kimi istifadə etsinlər. Onların əlində skrinşotlar, şəxsi məlumatlarım var. Hətta onların bir qismi 2021-ci ilə aiddir – yəni münasibətlərimizin yaxşı olduğu vaxta. Bu isə onu göstərir ki, onlar məni şantaj etmək və sonradan öz maraqları üçün, o cümlədən Azərbaycan dövlətinə qarşı istifadə etmək məqsədilə fəal şəkildə kompromat toplayıblar”, – deyə Bayramov bildirib.

Onun sözlərinə görə, bütün bunları faktlar və skrinşotlarla sübut edə bilər. Asif Bayramov həmin materialların bir qismini də təqdim edib. Təqdim olunan sübutlardan görünür ki, Quliyevin şəbəkəsi uzun müddətdir Asif Bayramovu sistemli şəkildə təhqir edir. Sədatın nəzarətində olan teleqram kanallarında davamlı olaraq təhqirlər, şəxsi məlumatlar və hətta montaj edilmiş fotolar paylaşılır.

//news.day.az/media/2026/05/21/_2026-05-21_204657475.png

“Mən sizə materialların yalnız kiçik bir hissəsini təqdim edirəm. Əlimdə çox, kifayət qədər çox material var. Və mən onların hamısını hüquq-mühafizə orqanlarına təqdim edəcəyəm”, – deyə BT News-un müəllifi vurğulayıb.

“Qız Qalası”nın WUF13-ün açılış günü yağan yağışlarla bağlı təxribat xarakterli paylaşımına münasibət bildirən Bayramov qeyd edib ki, forum ölkəmiz üçün mühüm hadisədir.

//news.day.az/media/2026/05/21/_2026-05-21_205303353.png

“Biz vaxtaşırı Bakıda baş verən müxtəlif hadisələrlə bağlı xəbərlər, foto və videolar paylaşırıq.

Güclü yağışlarla bağlı da materiallar yayımlamışıq. Amma bu tədbirin ölkəmizin nüfuzu baxımından əhəmiyyətini nəzərə alaraq, vətənpərvərlik mövqeyindən çıxış edib bu dəfə yağış görüntülərini paylaşmamağa qərar verdik. Buna baxmayaraq, mən və komandam gördük ki, “Qız Qalası” və Sədat Quliyevin digər kanalları stadion fonunda qonaqların fotolarını paylaşaraq Bakını kütləvi şəkildə tənqid etməyə başlayıblar. “Qız Qalası” təkcə Azərbaycanda deyil, əsasən postsovet ölkələrində də geniş oxunur. Onu digər xalqların nümayəndələri, o cümlədən ermənilər də izləyir. Bunu bilə-bilə sən, Sədat, öz ölkənə, Azərbaycana qarşı qarayaxma kampaniyası aparırsan.

Mən buna susa bilmədim və “Qız Qalası”nı tənqid edən paylaşım etdim. Elə həmin gün internetdə mənim şəxsi məlumatlarım, fotolarım və ailə üzvlərimin şəkilləri yayılmağa başladı. Onlar hətta azyaşlı övladımı da təhqir etdilər. Valideynlərimin ölümü ilə də istehza etdilər, məni alçaltmağa çalışdılar və hər yolla istəyirlər ki, susum, onların çirkli fəaliyyəti barədə yazmayım”, – deyə Bayramov bildirib.

//news.day.az/media/2026/05/21/_2026-05-21_205014329.png

O qeyd edib ki, Sədat Quliyevin qrupu təxminən 20-30 nəfərdən ibarət “teleqram mafiyası”dır:

“Onlar özlərini vətənpərvər kimi təqdim edir, müəyyən narrativlərdən, sxemlərdən, hətta feyklərdən istifadə edirlər. Məsələn, xəstə insanlara yardım üçün vəsait topladıqlarını deyirlər. Amma mən şübhələnirəm ki, toplanan pullar onların öz cibinə gedir. Çünki hər dəfə eyni kart və ya hesab nömrəsi göstərilir. Niyə yardıma ehtiyacı olan şəxsin öz bank hesabı istifadə olunmur?”

Bayramovun sözlərinə görə, Quliyev və onun adamları Azərbaycanın maraqlarını müdafiə etməsinə qarşıdırlar.

“Onlar məni üzr istəməyə, video çəkməyə, səs yazısı paylaşmağa məcbur etməyə çalışırlar. Paralel olaraq guya mənim dövlətimizin maraqlarına qarşı çıxmağım, ölkəm əleyhinə danışmağım barədə saxta məlumatlar yayırlar. Belə bir şey heç vaxt olmayıb. Bunlar fotomontajdır. Əksinə, mən və komandam Qarabağ müharibəsi dövründə kifayət qədər rezonans doğuran materiallar yaymışıq. Məsələn, Araik Arutyunyanla bağlı ifşaedici materialları ilk yayanlardan biri biz olmuşuq. Həmçinin müharibə dövründə xəritələr, düşmənin hərbi obyektlərinin müəyyən edilməsi və digər materiallarla məşğul olmuşuq. Bizi diqqətlə izləyənlər kanalımızın və səhifələrimizin necə fəaliyyət göstərdiyini yaxşı bilir.

Buna baxmayaraq, indi bizim adımızı tamamilə ləkələməyə çalışırlar. Çünki biz onların etdikləri ilə razı deyilik. Biz cənab Prezidentin kursunu dəstəkləyirik. Prezident Ermənistanla sülhün vacibliyini vurğulayıb. Quliyevin mafiyası isə bu sülhlə razı deyil. Onlar bir tərəfdən Azərbaycanı gözdən salmağa, digər tərəfdən isə erməniləri təhqir etməklə sülh prosesinə mane olmağa çalışırlar”, – deyə BT News-un müəllifi bildirib.

Onun sözlərinə görə, Sədat Quliyevin qurduğu teleqram strukturu xarici qüvvələr tərəfindən idarə olunur və tezislər, tapşırıqlar da məhz oradan gəlir:

“Sadatın hələ 2020-ci il müharibəsindən əvvəl Azərbaycana qarşı paylaşımları olub. Məsələn, bir dəfə o, “Baqramyan-26” kanalının Nikol Paşinyanın qondarma “DQR”in “keçmiş prezidenti” Bako Saakyanla görüşməsi barədə paylaşımını repost etmişdi. Anti-Azərbaycan fəaliyyətinin açıq şəkildə göründüyü belə paylaşımlar çoxdur. Bir vaxtlar 10 milyon azərbaycanlının guya Rusiyada yaşayan azərbaycanlılardan nifrət etdiyi tezisi yayılmışdı. Xüsusilə AZAL təyyarəsinin vurulmasından sonra bu təbliğat daha da gücləndi.

Mən özüm Rusiyadan gəlmiş bir insanam. Rusiyada çoxlu tanışım var. Mən başa düşə bilmirəm ki, Rusiyada yaşayan azərbaycanlılara qarşı necə danışmaq olar? Bu, absurddur. Bütün bunlar haradan qaynaqlanır? Erməni informasiya kanallarını idarə edən xarici qüvvələr olduğu kimi, “parçala və hökm sür” prinsipi ilə Azərbaycan kanallarını idarə etməyə çalışanlar da var. Amma belə təbliğat gec-tez iflasa uğrayacaq. Çünki Azərbaycan xalqı öz Vətəninə bağlıdır. Nə baş verməsindən asılı olmayaraq, azərbaycanlıların böyük əksəriyyəti öz dövlətinə və xalqına qarşı çıxmayacaq”, – deyə Bayramov bildirib.

//news.day.az/media/2026/05/21/_2026-05-21_205440842.png

Sonda o qeyd edib ki, ailəsinin həyatı ilə bağlı narahat olduğu üçün yaxın günlərdə topladığı bütün fakt və məlumatları Azərbaycanın hüquq-mühafizə orqanlarına təqdim edəcək.

“Onlar mənə problemlər yaradacaqlarını deyirdilər. Elə şeylər var ki, onları dilə gətirə bilmirəm. Mən istəyirəm ki, hazırda Bakıda olan bu şəxslər saxlanılsın. Əgər bu baş versə, bütün zəncir dağılacaq”, – deyə Asif Bayramov əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO