İrəvan küçələrində peyda olan Fransa HƏRBİ TEXNİKALARI – Necə və nə vaxt GƏTİRİLİB? - ARAŞDIRMA

İrəvan küçələrində peyda olan Fransa HƏRBİ TEXNİKALARI – Necə və nə vaxt GƏTİRİLİB? - ARAŞDIRMA

Hazırda oxunan: İrəvan küçələrində peyda olan Fransa HƏRBİ TEXNİKALARI – Necə və nə vaxt GƏTİRİLİB? - ARAŞDIRMA

612817

Cənubi Qafqazda normallaşma və davamlı sülh perspektivlərinin müzakirə olunduğu bir dövrdə Fransa ilə Ermənistan arasında münasibətlərin sürətlə hərbi müstəviyə keçməsi müşahidə olunur. Rəsmi Paris bu əməkdaşlığı “təhlükəsizlik tərəfdaşlığı”, “müdafiə sahəsində yardımlar” və “demokratik dəstək” kimi təqdim etməyə çalışsa da, prosesin faktiki mahiyyəti artıq fərqli mənzərəni ortaya qoyur.

Qeyd edək ki, son illər Fransa Ermənistanın ən fəal tərəfdaşlarından birinə çevrilib. Daha doğrusu, Fransa Rusiyanın Ermənistan üzərindəki “ağalıq” missiyasını ələ keçirməyə çalışır. Bu proses yalnız siyasi bəyanatlar və diplomatik jestlərlə məhdudlaşmır. Müdafiə sənayesi, hərbi texnologiyalar və silah tədarükü artıq iki ölkə arasında münasibətlərin əsas istiqamətinə çevrilib. Xüsusilə də Parisin İrəvana “Caesar” haubitsaları verməsi ilə bağlı müqavilədən sonra bu tendensiya daha aydın şəkildə özünü büruzə verir.

Məhz bu mərhələdə Fransaya məxsus hərbi təyyarələrin İrəvan istiqamətində qeydə alınan uçuşları diqqəti daha çox cəlb etməyə başlayıb.

Diplomatik səfər, yoxsa hərbi logistika?

Fransa Prezidenti Emmanuel Makronun mayın əvvəlində Ermənistana səfəri iki ölkənin rəsmi dairələri tərəfindən “tarixi diplomatik yaxınlaşma” kimi təqdim edildi. Ancaq səfərin arxa planında müşahidə olunan proseslər daha çox hərbi koordinasiyanı xatırladırdı.
 

Belə ki, “AnewZ” telekanalı tərəfindən əldə edilən məlumatlar da məhz bu səbəbdən ciddi rezonans doğurub. Ortaya qoyulan faktlar birbaşa silah daşınmalarını üzə çıxarmasa da, hərbi yük təyyarələrinin marşrutları şübhəli məqamları ortaya qoyub.


Mayın 4-də Fransa Aerokosmik Qüvvələrinə məxsus Airbus A330-200 tipli hərbi nəqliyyat təyyarəsi İrəvana enib. Bir gün sonra həmin bort əvvəlcə Parisə, daha sonra isə Marsel yaxınlığındakı İstr-le-Tübe hərbi bazasına yönəlib.

Əlbəttə, təkcə bu fakt konkret yükün məzmununu sübut etmir. Lakin marşrutun xarakteri və istifadə olunan bortun statusu diqqətdən yayınmır. Söhbət adi kommersiya reysindən yox, Fransa hərbi aviasiyasına məxsus təyyarədən gedir. Bu isə istər-istəməz yeni ehtimalları gündəmə gətirir.

Fransanın “hərbi diplomatiya” modeli

Diqqət çəkən başqa bir detal həmin təyyarənin daha əvvəl də Makronun xarici səfərləri zamanı hərbi əməkdaşlıq gündəliyi ilə paralel marşrutlarda görünməsidir.
 

Martın sonu və aprelin əvvəlində eyni bortun Yaponiya və Cənubi Koreya istiqamətində uçuşları qeydə alınmışdı. Nə təsadüfürsə, məhz həmin səfərlər çərçivəsində Makron Tokio və Seulla müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi barədə razılaşmalar əldə etmişdi.

Bu, bir tendensiyanı açıq göstərir: Paris hərbi diplomatiya siyasətində artıq öz hərbi nəqliyyat imkanlarından sistemli şəkildə istifadə edir. Ermənistan istiqamətində baş verənlər də Yaponiya və Cənubi Koreya təcrübəsində yaşananlarla birəbir eynilik təşkil edir.

A400M ətrafındakı cavabsız suallar

Mayın 11-də isə daha bir diqqətçəkən uçuş qeydə alınıb. Fransa hərbi nəqliyyat aviasiyasına məxsus A400M təyyarəsinin Cənubi Qafqaz istiqamətində hərəkəti müşahidə edilib.

Gürcüstan üzərindən uçan təyyarənin tranziti bəyannaməsində yüklərin “qaz balonları”, “litium batareyaları” və “kimyəvi maddələr” olduğu qeyd olunub.
 

İlk baxışdan bu, heç də şübhə doğurmayan məqamdır. Lakin problem ondadır ki, beynəlxalq aviasiya qaydaları hərbi təyinatlı yüklərin daşınmasına son dərəcə sərt nəzarət tələb edir. Çikaqo Konvensiyası və ICAO-nun tələblərinə əsasən, belə daşımalar xüsusi icazələr, dəqiq deklarasiya və tranzit ölkələrinin açıq razılığı ilə həyata keçirilməlidir.


Bu səbəbdən də ortaya əsas sual çıxır: bəyan edilən yük həqiqətən göstərilən məhsullardan ibarət idi, yoxsa əsl yüklərin gizlədilməsi üçün saxta bəyannamə hazırlanıb?

Hazırda bununla bağlı açıq sübut yoxdur. Amma şübhələrin yaranması üçün mövcud mənzərə kifayət qədər diqqətçəkəndir.

Ermənistanın köhnə praktikasının yeni versiyası?

Əslində, “mülki yük” adı altında hərbi yüklərin daşınması Ermənistan üçün yenilik deyil. Birinci və İkinci Qarabağ müharibələrində də oxşar taktikadan istifadə olunub. 1980-ci illərin sonu, 1990-cu illərin əvvəllərində ermənilər Qarabağa silahları mülki yüklərin, hətta uşaq qidalarının içərisində daşıyırdılar.
 

Eyni tendensiya Vətən müharibəsi dövründə də davam etdirildi. O zaman Samvel Karapetyan və Ruben Vardanyan da daxil olmaqla, erməni oliqarxları "humanitar yardım" adı altında Ermənistana silah çatdırılmasını təşkil etmişdilər.


Bundan əlavə, 44 günlük Vətən müharibəsi dönəmində “Atlantis Armenian Airlines” adlı bir şirkət də ortaya çıxmışdı. Həmin şirkət 2 gün ərzində Rusiyanın ən böyük silah anbarının yerləşdiyi Mineralnıye Vodı şəhərinə 10 uçuş həyata keçirmişdi.

Bu gün Fransa aviareysləri ilə bağlı vəziyyət də istər-istəməz qeyd olunan təcrübələri xatırladır.

“Caesar” sistemləri artıq Ermənistanın reallığıdır

Ən mühüm məqamlardan biri isə Fransanın Ermənistana vəd etdiyi silahların məhz bu şübhəli aviareyslərdən sonra İrəvanda peyda olmasıdır.
 

Məlum olduğu kimi, 28 may – Ermənistanın Respublika Günündə İrəvanda hərbi parad təşkil olunacaq və artıq bununla bağlı hazırlıqlara start verilib. Paradın məşqləri zamanı lentə alınan görüntülərdə Fransa istehsalı olan “Caesar” haubitsaları nümayiş etdirilib.


Burada zamanlama da diqqət çəkir. Fransa ilə intensiv təmaslardan və şübhəli uçuşlardan qısa müddət sonra həmin texnikanın nümayiş etdirilməsi təbii ki, təsadüf ola bilməz.

“Sülh” ritorikası ilə silahlanma siyasəti

Bütün bunların fonunda əsas paradoks ortaya çıxır: bir tərəfdən regionda sülh gündəliyinin önəmindən danışan Fransa, digər tərəfdən Ermənistanı sürətlə silahlandırır.

Üstəlik, bu proses Ermənistan daxilində revanşist qüvvələrin aktivləşdiyi bir mərhələdə baş verir. Qarşıdan parlament seçkiləri gəlir və müharibə ritorikasından istifadə edən revanşist siyasi dairələr yenidən ön plana çıxmağa çalışırlar.
 

Belə bir şəraitdə Fransanın İrəvana genişmiqyaslı hərbi dəstəyi istər-istəməz regionda sabitliklə bağlı narahatlıqları artırır. Hazırda ortada yekun hüquqi nəticə və ya açıq sübut yoxdur. Ancaq faktları bir araya gətirəndə pazl tamamlanır.


Makronun səfəri fonunda reallaşan hərbi aviareyslər, iki ölkə arasında müdafiə sahəsində əldə olunan razılaşmalar və bir neçə gün sonra İrəvan küçələrində peyda olan “Caesar” sistemləri...

Bu faktlar fonunda Fransanın özünü sülh göyərçini kimi təqdim etmək istiqamətində apardığı təbliğata inanmaq sadəlöhvlükdür.

Gizlədilən marşrutların arxasında nə dayanır?

Üstəlik, Ermənistanın keçmiş təcrübəsi də bu şübhələri artırır. Qarabağ münaqişəsinin müxtəlif mərhələlərində silah və sursatın “humanitar yardım”, “mülki yük” və digər adlar altında daşınması ilə bağlı kifayət qədər faktlar mövcuddur. Bu baxımdan, bugünkü proseslər və “pərdələmə taktikası” yenilik deyil.
 

Bu səbəbdən məsələ artıq təkcə siyasi polemika, yaxud üzdə göründüyü kimi iki ölkə arasında əməkdaşlığın inkişafı deyil. Söhbət regionun təhlükəsizlik balansına təsir göstərə biləcək prosesdən gedir.


Əlbəttə, Fransadan Ermənistana qeyd olunan aviareyslərlə hansı yüklərin daşındığı, əsl məqsədin nə olduğu gec-tez bəlli olacaq. Çünki zaman hər şeyi dəyişmir, sadəcə həqiqətləri üzə çıxarır...

Anar Tahirov, Bizim.Media-nın baş redaktoru

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO