“Bezmişik, bu nə yoldur” – VİDEO

“Bezmişik, bu nə yoldur” – VİDEO

Hazırda oxunan: “Bezmişik, bu nə yoldur” – VİDEO

640488

Abşeronun qədim yaşayış məntəqələrindən olan Məmmədli kəndinin yolları yağışdan sonra keçilməz hala düşüb. 

Bizim.Media Baku TV-yə istinadən xəbər verir ki, sakinlər yollarda yaranan gölməçələr və çalaların nəqliyyatın hərəkətini ciddi şəkildə çətinləşdirdiyini bildirib.

Onların sözlərinə görə, avtomobillər sıradan çıxır, sürücülər isə məcburən təhlükəli şəraitdə hərəkət edirlər:

“Allaha and olsun bezmişəm artıq. Bu nə yoldur? Maşının altı gedir, dağılır. Bu yol aylardır, hətta bəlkə də bir ildən çoxdur bu vəziyyətdədir. Bu gün bazar günüdür, nə iş günüdür, nə də dərs günü. Buna baxmayaraq, yolda böyük tıxac yaranıb. Həftəiçi günlərdə isə tıxac əlindən tərpənmək olmur”. 

Digər sürücü isə avtomobilinin alt hissəsinin zədələndiyini bildirib:

“Avtomobillər tez-tez sıradan çıxır. Bu gün iki dəfə maşının altını yerə vurdum. Sözün hər mənasında yoldan keçmək mümkün deyil”.

Sakinlərin sözlərinə görə, 217 saylı avtobus da bu yoldan keçərək metronun “Koroğlu” stansiyasına hərəkət edir. Hətta son günlər yolun vəziyyəti ilə əlaqədar avtobusun yolunu dəyişdiyi də bildirilir.

Vətəndaşlar deyib ki, yolun vəziyyəti xüsusilə məktəbli və tələbələr üçün ciddi çətinlik yaradır:

“Burada məktəblilər, tələbələr yaşayır. Hər gün məktəbə, universitetə gedirlər. Valideynlər təhsil haqqını ödəməklə yanaşı, hər gün uşaqları taksi ilə aparıb-gətirməli olurlar”. 

“Burada yaxınlıqda yaşayıram və hər gün bu yoldan istifadə edirəm. Hər səhər uşaqları məktəbə aparıram. Buradan keçmək çox çətindir, tıxac yaranır,  uşaqlar da dərsə gecikir. Alçaq avtomobillərin hamısının altı yerə dəyir. Biabırçılıqdır”, - sürücülərdən biri qeyd edib.

Bildirilib ki, ərazidə kanalizasiya və yağış sularının idarə olunması ilə bağlı da problem var:

“Burada kanalizasiya sistemi yoxdur. Yağış suları üçün sistem qurulsa, avtomobillər, avtobuslar və sakinlər bu qədər əziyyət çəkməzlər. Bir damcı yağış yağan kimi yollar bərbad vəziyyətə düşür. Camaat işə, uşaqlar məktəbə gedə bilmir. Bu problemə bir əncam çəksinlər”.
 

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, ilk növbədə ətraf yaşayış ərazilərində toplanan yağış və qrunt sularının avtomobil yolundan kənarlaşdırılması üçün zəruri tədbirlər görülməlidir:


“Mövcud vəziyyət göstərir ki, sözügedən ərazidə yağış və yeraltı suların effektiv idarə olunmaması yolun müəyyən hissələrində deformasiyalara səbəb olub. Eyni zamanda, bu vəziyyət təmir-bərpa işlərinin dayanıqlı və keyfiyyətli şəkildə aparılmasını çətinləşdirir. Bu baxımdan asfalt örtüyünün təmirinə başlamazdan əvvəl səth və qrunt sularının kənarlaşdırılması məqsədilə drenaj sistemi və ötürücü xətlərin inşası zəruri şərt kimi qiymətləndirilir.

Qeyd olunan məsələlərin həlli və müvafiq mühəndis-kommunikasiya tədbirlərinin həyata keçirilməsi məqsədilə agentliyimiz tərəfindən aidiyyəti quruma müraciət edilib. Yalnız bu tədbirlər aidiyyəti qurum tərəfindən icra edilib başa çatdırıldıqdan sonra yolda təmir-bərpa işləri həyata keçirilə bilər”.

Ətraflı videomaterialda:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO