Bakıda V Uşaq Kitab Festivalının açılış mərasimi keçirilib - FOTO

Bakıda V Uşaq Kitab Festivalının açılış mərasimi keçirilib - FOTO

Hazırda oxunan: Bakıda V Uşaq Kitab Festivalının açılış mərasimi keçirilib - FOTO

612904

Mayın 13-də Bakı İdman Sarayında V Uşaq Kitab Festivalının rəsmi açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Nəşriyyatlar Assosiasiyası İctimai Birliyinin (ANAİB) təşkilatçılığı ilə baş tutan festival ölkənin və regionun bu formatda yeganə layihəsi hesab olunur.

Bizim.Media xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra Uşaq Gənclər İnkişaf Mərkəzinin yetirmələrinin təqdimatında “Odlar yurdu” rəqsi nümayiş olunub.

Festivalın açılış mərasimində çıxış edən Azərbaycan Nəşriyyatlar Assosiasiyası İctimai Birliyinin sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq bildirib ki, uşaqların kitab və mütaliə ilə erkən yaşlardan yaxın münasibət qurması onların dünyagörüşünün formalaşmasına və gələcək inkişafına mühüm təsir göstərir. O, festivalın artıq ənənəyə çevrildiyini qeyd edərək layihənin ildən-ilə daha geniş auditoriyanı əhatə etdiyini vurğulayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli çıxışında uşaq ədəbiyyatının milli düşüncənin və mənəvi dəyərlərin formalaşmasında xüsusi rol oynadığını bildirib. O qeyd edib ki, uşaqların kitaba marağının artırılması gələcəkdə güclü və intellektual cəmiyyətin formalaşmasına xidmət edir.


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova uşaqların sağlam və maarifçi mühitdə yetişməsinin vacibliyini diqqətə çatdırıb. O bildirib ki, kitab uşaqların şəxsiyyət kimi formalaşmasında, onların düşüncə və təxəyyülünün inkişafında mühüm vasitələrdən biridir.

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxış edərək festivalın ölkədə oxu mədəniyyətinin təşviqinə xidmət etdiyini və uşaqların mədəni mühitə inteqrasiyasında mühüm rol oynadığını bildirib.


Millət vəkili, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Uşaq ədəbiyyatı” şöbəsinin müdiri, filologiya elmləri doktoru Elnarə Akimova uşaq ədəbiyyatının inkişafı istiqamətində həyata keçirilən təşəbbüslərin əhəmiyyətindən bəhs edib.

Tədbirdə həmçinin millət vəkili Ceyhun Məmmədov, festivala fəxri qonaq qismində qatılan Hans Kristian Andersen Mükafatı üzrə Münsiflər Heyətinin prezidenti Şirin Kreydieh, Simurq Liseyinin baş icraçı direktoru Tural Abbasquliyev və festivalın layihə rəhbəri, “Ağıllı Bala” nəşriyyatının direktoru, uşaq yazıçısı Fatimə Alxaz çıxış edərək festivalın əhəmiyyətindən danışıblar.

Qeyd olunub ki, festivalın əsas məqsədi uşaqlarda mütaliəyə marağın artırılması, milli-mənəvi dəyərlərin təbliği və onların müxtəlif dünya mədəniyyətləri ilə tanış edilməsidir.

13–17 may tarixlərini əhatə edən festival çərçivəsində “Milli Geyimlər Günü”, “Peşələr Günü”, “Beynəlxalq Gün” və “Nağıl Qəhrəmanı Günü” adlı xüsusi tematik günlər təşkil olunacaq.

Proqram çərçivəsində tanınmış uşaq yazıçıları ilə görüşlər, imza mərasimləri, yeni nəşrlərin təqdimatları, mədəniyyət və incəsənət nümayəndələri ilə görüşlər keçiriləcək.

Festivalda ölkənin aparıcı nəşriyyat və kitab evləri də geniş şəkildə təmsil olunur. Belə ki, 40-dan çox nəşriyyat öz stendi ilə festival iştirakçılarına müxtəlif yaş qrupları üçün nəzərdə tutulmuş uşaq ədəbiyyatı nümunələri, maarifləndirici nəşrlər, yeni kitablar və xüsusi təqdimatlar təqdim edir. Festival ziyarətçiləri stendlərdə müəlliflərlə görüşmək, nəşrlərlə yaxından tanış olmaq və xüsusi endirim kampaniyalarından yararlanmaq imkanı əldə edirlər.

Bununla yanaşı, uşaqların ifasında musiqi və rəqs nömrələri, səhnəciklər, nağıl saatları və müxtəlif əyləncəli proqramlar təqdim ediləcək.

Festival çərçivəsində indiyədək 70 min ədəd xüsusi hazırlanmış kitab daxılının çap edilərək uşaqlara hədiyyə olunduğu bildirilib. Bu təşəbbüsün ölkədə uşaq ədəbiyyatına marağın artırılmasına və uşaq nəşriyyatlarının inkişafına mühüm töhfə verdiyi vurğulanıb.

Açılış mərasimi konsert proqramı ilə davam edib.

Qeyd edək ki, V Uşaq Kitab Festivalı Simurq Liseyinin baş sponsorluğu, DİV Kids, Bergdrink, Edudistans və Azərsüd şirkətlərinin sponsorluğu ilə keçirilir.















































Şəfiqə Şəfa, Vüqar Ağayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO