İdris Elba nöqtəni qoydu: "Dünya qaradərili Ceyms Bonda hazır deyil"

İdris Elba nöqtəni qoydu: "Dünya qaradərili Ceyms Bonda hazır deyil"

Hazırda oxunan: İdris Elba nöqtəni qoydu: "Dünya qaradərili Ceyms Bonda hazır deyil"

618250

Britaniyalı tanınmış aktyor İdris Elba Daniel Kreyqin gedişindən sonra Ceyms Bond rolu üçün əsas namizədlərdən biri olduğu barədə illərdir səngiməyən şayiələri rəsmən təkzib edib.

Bizim.Media xəbər verir ki, hazırda baş rolda oynadığı "Kainatın hökmdarları" (Masters of the Universe) adlı yeni blokbasterinin tanıtım kampaniyasında fəal iştirak edən 53 yaşlı aktyor, Britaniyanın "GQ" jurnalına verdiyi müsahibədə bu söhbətlərin heç vaxt real əsası olmadığını etiraf edib.

"Mən həmişə bunun tamamilə qeyri-real bir hekayə olduğunu hiss etmişəm", – deyə Elba səmimi şəkildə bildirib.

"Ceyms Bond obrazı məhz olduğu kimi yazılıb və bunun öz səbəbləri var. Əlbəttə, bu şayiələr mənim üçün qürurverici idi. Lakin məsələyə real baxsaq, bəzi kino bazarları belə bir qəhrəmanı sadəcə qəbul etməyəcək. Bondiana bütün dünyada məşhurdur. Və dünya auditoriyasının heç də hamısı Bond rolunda afrika mənşəli qaradərili bir kişini görmək üçün kinoteatra getməyə hazır deyil. Bu, sadəcə olaraq onların mədəniyyətinə uyğun gəlmir. Vəssalam".

Aktyor həmçinin vurğulayıb ki, onun fikrincə, bu kult personaj radikal şəkildə transformasiya olunmamalı və Yan Fleminqin orijinal kitab mənbəyindən uzaqlaşmamalıdır.

"Bondun obrazı öz-özlüyündə kifayət qədər qeyri-realdır, ona görə də bir az reallıq eyhamı yaxşıdır, lakin gəlin onu "woke" (müasir sosial-siyasi tendensiyalara uyğunlaşdırılmış) etməyə çalışmayaq", – deyə sənətçi qeyd edib. "Hesab edirəm ki, franşizanın əsl mahiyyətinə sadiq qalmaq lazımdır: bu, xalis eskapizmdir (reallıqdan qaçış), böyüklər üçün bir nağıldır. Dəyişən dünyanın zövqlərini oxşamağa çalışmaq lazım deyil. Sadəcə Bond olaraq qalın".
 

İdris Elba şayiələrə nöqtə qoyduğu bir vaxtda, "Amazon MGM" kinostudiyası casusluq franşizasının genişmiqyaslı yenilənməsi (restart) prosesini sürətləndirib. Ötən ay layihənin komandasına kastinq sənayesinin veteranı Nina Qold rəsmən qoşulub. O, yeni 007 agentini rejissor Deni Vilnyov və "Peaky Blinders"in kult ssenaristi Stiven Nayt ilə birlikdə axtaracaq.


"Variety" nəşrinin öz mənbələrinə istinadən yaydığı məlumata görə, 26 yaşlı britaniyalı teatr və kino aktyoru Tom Frensis artıq ilk sınaq çəkilişlərindən uğurla keçib. Bununla belə, prodüserlərin qısa siyahısında Aaron Teylor-Conson, Ceykob Elordi və Kallum Törner kimi simalar da hələ də qalmaqdadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO