“2026-cı ilədək elektrik enerjisi istehsalında bərpa olunan enerjinin payının 24 faizə çatdırılması planlaşdırılır və artıq rəqəmsal infrastruktur ölkənin 95 faizini əhatə edir”.
Bizim.Media xəbər verir ki, bu sözləri iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov WUF13 çərçivəsində keçirilən “Şəhərsalma planlaşdırılmasında iqlim hədəflərinə nail olmaq üçün Strateji Ekoloji Qiymətləndirmə aləti” mövzusunda sessiyada deyib.
O bildirib ki, 2024-cü ildə Bakıda keçirilmiş COP29-un yaratdığı dinamika bu sahədə dönüş nöqtəsi oldu.
"Bu tədbir iqlim maliyyələşməsi, yaşıl infrastruktur və davamlı inkişaf sahəsində konkret öhdəliklərin formalaşmasına səbəb oldu və iqtisadiyyatımızın, eləcə də şəhərsalma prioritetlərimizin istiqamətini müəyyənləşdirməyə davam edir.
Biz dayanıqlılığı əlavə element kimi deyil, uzunmüddətli iqtisadi strategiyanın fundamental prinsipi kimi inteqrasiya edirik. Eyni zamanda süni intellektin, rəqəmsallaşmanın və məlumat əsaslı idarəetmənin şəhər planlaşdırılmasında transformativ potensialını da qəbul edirik. Ağıllı analitik alətlər artıq iqlim proqnozlaşdırılması, resurs səmərəliliyi və sübutlara əsaslanan qərar qəbuletmə proseslərinin təkmilləşdirilməsinə töhfə verir" - nazir müşaviri qeyd edib.
Günay Şahmar, Bizim.Media






























































































