Super Liqa təmsilçisi “Fənərbaxça”nın prezidentlik yarışında olan Əziz Yıldırım və Hakan Safi 6-7 iyun konqresi öncəsi transfer bazarını silkələyəcək addımları ilə diqqət çəkirlər.
Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, hər iki namizəd seçkilərdə üstünlük əldə etmək üçün dünyaca məşhur ulduzları heyətə qatmaq planları üzərində çalışır.
Transfer gündəmində ən çox diqqət çəkən futbolçu isə “Liverpul”un əfsanəsi Məhəmməd Salahdır.
Karyerasında yeni səhifə açmağa hazırlaşan misirli ulduz son açıqlamasında gələcəyinin böyük ölçüdə Dünya Kubokundan sonra bəlli olacağını, lakin inandırıcı layihə və təklif gələcəyi təqdirdə turnirdən əvvəl də qərar verə biləcəyini vurğulayıb.
Əziz Yıldırım əvvəlki çıxışlarında Salahın transfer xərclərinin yüksək olduğunu etiraf etsə də, “Ehtiyac yaranarsa, onu alacağıq”, — deyərək bu keçidə yaşıl işıq yandırıb.
Hakan Safinin komandası da 33 yaşlı super ulduzu razı salmaq üçün ciddi cəhdlər göstərir. Hər iki namizəd Dünya çempionatından əvvəl Salahla müqavilə imzalamağı hədəfləyir.
Naibə, Bizim.Media






































































































