Kubok uğrunda HƏLLEDİCİ GÖRÜŞ – Komandaların qələbə şansları və GÖZLƏNTİLƏR

Kubok uğrunda HƏLLEDİCİ GÖRÜŞ – Komandaların qələbə şansları və GÖZLƏNTİLƏR

Hazırda oxunan: Kubok uğrunda HƏLLEDİCİ GÖRÜŞ – Komandaların qələbə şansları və GÖZLƏNTİLƏR

612849

Bu gün futbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşəcək. Həlledici oyuna ciddi hazırlaşan “Sabah” və “Zirə” fəxri mükafata yiyələnmək istəyir.

Premyer Liqada çempionluğunu rəsmiləşdirmiş kubokun ötənilki qalibi “Sabah” uğurun davamını gətirərək qızıl dubl etmək istəyirsə, Rəşad Sadıqovun rəhbərlik etdiyi “Zirə” əvvəlki final matçlarındakı uğursuzluğu unutduraraq, həm də Avrokuoklara vəsiqə qazanmaq niyyətindədir.

“Sabah” indiyə qədər bir dəfə finalda oynayıb ki, həmin görüşdə də “Qarabağ”ı məğlub edərək fəxri mükafata yiyələnib.

“Zirə” üçün isə bu oyun sayca üçüncü final matçı olacaq. Maraqlıdır ki, Rəşad Sadıqovun yetirmələri əvvəlki final qarşılaşmalarında “Qarabağ”a məğlub olub.

Bəs tərəflərin final matçında qalib gəlmək şansları necə qiymətləndirilir?

Futbol eksperti Ceyhun Sultanov Bizim.Media-ya açıqlamasında oyunda favorit görmədiyini bildirib:
 

“Mən özüm də final matçını stadiondan izləyəcəm. Tərəflərdən heç birini favorit görmürəm. Çünki final bir oyundan ibarətdir. Kim daha istəkli olsa, o da qələbə qazanacaq. Fikrimcə “Zirə” daha istəkli olmalıdır. Çünki turnir cədvəlində 5-ci pilləyə enib və kuboku qazanmaq onlara Avrokuboklarda oynamaq imkanı yaradacaq. Final matçında maraqlı oyun izləyəcəyimizə inanıram”.


Milli komandamızın sabiq məşqçisi, futbol veteranı Arif Əsədov da “Zirə” üçün final matçının daha önəmli olduğunu düşünür.

Onun sözlərinə görə, oyun hətta penaltilər seriyasına qədər uzanacaq:

“Hazırkı vəziyyətdə “Sabah” daha güclü görünə bilər. Çünki yaxşı mövsüm keçiriblər və kuboku qazanmaq onlar üçün daha önəmlidir. Ancaq “Zirə”nin hazırkı durumu onu deməyə əsas verir ki, kuboku qazanmaq komanda üçün Avrokuboklara qatılmaq baxımından son şansdır. “Sabah” isə final matçına daha rahat çıxacaq. Çünki çempion olublar və itiriləsi bir şeyləri yoxdur. Düzdür, paytaxt təmsilçisi mövsümü qızıl dublla bitirmək istəyir. Yaxşı oyun gözləsəm də, final görüşünün əlavə vaxta və penaltilər seriyasına qədər uzanacağını düşünürəm”.

Qeyd edək ki, “Sabah” – “Zirə” oyunu bu gün saat 20-də start götürəcək. 8-ci kilometr qəsəbəsindəki stadionda keçiriləcək qarşılaşmanı FİFA referisi Elçin Məsiyev idarə edəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO