İqlim dəyişikliyi tropik regionlarda mövsümi yağış dövrünü əhəmiyyətli dərəcədə dəyişdirə bilər.
Bizim.Media xəbər verir ki, bu barədə Çin və ABŞ alimlərinin "Nature Geoscience" jurnalında dərc olunan araşdırmasında qeyd olunub.
Mezo-miqyaslı konvektiv sistemlər yüzlərlə kilometr əraziyə yayılan və bir neçə saat davam edən iri fırtına buludları qrupudur. Bəzi tropik bölgələrdə yağışların yarısından çoxunu məhz bu sistemlər formalaşdırır.
Yüksək dəqiqlikli iqlim modelinə əsaslanan araşdırma göstərib ki, temperaturun kəskin artması fonunda tropik bölgələrdə mövsümi fırtına sistemləri 10–15 gün daha gec formalaşa bilər. Lakin yağışlar başladıqdan sonra onların intensivliyi təxminən 38–45% artacaq.
Sahel fəlakəti nümunə göstərilir
Alimlərin sözlərinə görə, problem təkcə yağıntının ümumi həcmində deyil. Eyni miqdarda yağışın daha qısa müddətdə və güclü leysanlar şəklində yağması daşqın riskini dəfələrlə artırır. Tədqiqatçılar 2020-ci ildə Saheldə baş verən və 2 milyondan çox insana təsir edən, 417 nəfərin ölümünə səbəb olan daşqınları buna əyani misal göstərirlər.
Yağış mövsümünün vaxtının dəyişməsi kənd təsərrüfatı və su təchizatı üçün kəskin fəsadlar yarada bilər. Tədqiqatçılar bu yubanmanı tropiklərlə subtropiklər arasında istilik və rütubəti daşıyan Hadli hüceyrələrindəki (qlobal atmosfer dövriyyəsi) dəyişikliklərlə əlaqələndirirlər. İstiləşmə nəticəsində atmosferin mövsümi dəyişikliklərə reaksiyası daha çox vaxt tələb edir.
Bundan əlavə, modelləşdirmə fırtınaların inkişafı üçün lazım olan potensial enerjinin (CAPE) 35–40% artacağını, bununla yanaşı konvektiv tormozlanmanın (CIN) 90–130% güclənəcəyini göstərib. Bu isə enerjinin toplanaraq daha dağıdıcı fırtınalar şəklində birdən azad olunmasına gətirib çıxaracaq.
Bizim.Media


































































































