Milyarder və hedc-fond rəhbəri Yan Veys 2017-ci ildə Şotlandiyanın Tanera-Mor adasını cəmi 2,2 milyon dollara satın alıb. O, adanın bərpasına sonrakı illərdə 135 milyon dollar sərmayə yatırıb.
Bizim.Media xəbər verir ki, Veys adanı şəxsi mülkə çevirmək əvəzinə onun tamamilə yenidən canlandırılması üçün genişmiqyaslı layihəyə başlayıb.
Layihə çərçivəsində adada 50-dən çox tarixi bina bərpa edilib, 100 mindən çox ağac əkilib, kənd təsərrüfatı torpaqları yenidən istifadəyə qaytarılıb və müxtəlif ictimai məkanlar yaradılıb.
Şotlandiyanın şimal-qərb sahillərində yerləşən Tanera-Mor vaxtilə mühüm balıqçılıq mərkəzi olub. Lakin balıqçılıq sənayesinin tənəzzülü nəticəsində ada tədricən boşalıb, tarixi tikililər isə baxımsız vəziyyətə düşüb.
Veys adanı satın aldıqdan sonra köhnə kotteclər də daxil olmaqla, 50-dən çox tikilini bərpa etdirib, yollar və piyada marşrutları salıb. Həmçinin səkkiz gölməçə yenilənib, təbii yaşayış mühitləri yaradılıb və təxminən 11 hektar kənd təsərrüfatı ərazisi yenidən istifadəyə verilib.
Adada ənənəvi Şotlandiya sənətkarlıqları da dirçəldilir. İki köhnə balıqçı qayığı bərpa olunub, ənənəvi Tanera tvidinin istehsalı üçün toxuculuq dəzgahı quraşdırılıb.
Bundan başqa, adada pub, ibadətgah, incəsənət studiyası, kinoteatr, idman zalı, sauna və ümumi mətbəx yaradılıb. Keçmiş karxana isə ofislər, yaşayış sahələri və emalatxanalardan ibarət kompleksə çevrilib.
Tanera-Mor dövlət xidmətlərinin əməkdaşlarını da qəbul edir. Layihənin məlumatına görə, indiyədək adada 1300-dən çox həkim, polis və hərbçi olub.
Hazırda layihədə çalışan daimi əməkdaşların 60 faizindən çoxu Şotlandiyanın dağlıq bölgələrindəndir. Adada eyni vaxtda təxminən 150 nəfər işləyə və yaşaya bilər.
Bizim.Media




























































































