Ukraynanın keçmiş Baş nazir müavini, Avropaya və Avroatlantik inteqrasiya məsələləri üzrə sabiq hökumət rəsmisi və ABŞ-dakı keçmiş səfiri Olqa Stefanişina avqustun 12-dək onun barəsində qətimkan tədbiri kimi müəyyən edilmiş 6 milyon qrivna məbləğində girovu ödəməyib.
Bizim.Media xəbər verir ki, liga.net-in məlumatına görə, hazırda siyasətçinin müdafiə tərəfi məhkəmənin qərarından apellyasiya şikayəti verib.
Ukrayna Ali Antikorrupsiya Məhkəməsinin Apellyasiya Palatasından bildirilib ki, müdafiə tərəfi müvafiq şikayət təqdim edib və onun yaxın zamanda araşdırılması gözlənilir.
Girov ödənilmədiyi təqdirdə prokuror Stefanişina barəsində daha sərt qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət qaldıra bilər. Bu tədbir həbs də ola bilər.
Qeyd edək ki, avqustun 5-də Ukraynanın Milli Antikorrupsiya Bürosu (NABU) və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğu (SAP) Stefanişinaya qarşı 13,9 milyon qrivna məbləğində qanunsuz varlanma və yalan məlumatların bəyan edilməsi ilə bağlı şübhə irəli sürüb.
İstintaqın məlumatına görə, o, daşınmaz əmlak alıb və daha sonra həmin əmlakı başqa şəxslərin adına rəsmiləşdirib.
Stefanişina isə bildirib ki, onun barəsində aparılan prosessual tədbirləri hüquq-mühafizə orqanlarının qanuni fəaliyyətinin bir hissəsi hesab edir. Lakin onun sözlərinə görə, bu tədbirlər hələ təqsirinin sübutu demək deyil. Siyasətçi işinə göstərilən diqqəti “bir stəkan suda qopan fırtına”ya bənzədib.
Bizim.Media

































































































