Sorğu: Avropalıların əksəriyyəti Britaniyanın Aİ-yə mümkün qayıdışını dəstəkləyir

Sorğu: Avropalıların əksəriyyəti Britaniyanın Aİ-yə mümkün qayıdışını dəstəkləyir

Hazırda oxunan: Sorğu: Avropalıların əksəriyyəti Britaniyanın Aİ-yə mümkün qayıdışını dəstəkləyir

620568

Beynəlxalq Münasibətlər üzrə Avropa Şurasının (ECFR) keçirdiyi yeni sosioloji sorğu göstərib ki, həm Avropa İttifaqı (Aİ), həm də Böyük Britaniya vətəndaşlarının böyük hissəsi London ilə ittifaq arasında daha sıx əlaqələrin qurulmasını, bir sıra ölkələrdə isə hətta krallığın yenidən bloka qayıtmasını dəstəkləyir.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Böyük Britaniyanın "The Guardian" nəşri yayıb.

Aİ-nin 15 ölkəsində aparılan araşdırmanın nəticələrinə görə, respondentlərin 66%-i Böyük Britaniyanın yenidən Aİ-yə üzv olmasını "yaxşı", "müsbət" və ya "neytral" ideya kimi qiymətləndirib.
 

Dəstək səviyyəsi Bolqarıstanda 56%-lə Niderland və Danimarkada 75% arasında dəyişir. Maraqlıdır ki, hətta sağçı və avroskeptik partiyaların seçiciləri arasında da Londona rəğbət yüksəkdir: Polşanın "Konfederasiya" partiyası tərəfdarlarının 71%-i, Almaniyanın AfD və Fransanın "Milli Birlik" partiyası tərəfdarlarının isə 58%-i Böyük Britaniya ilə yaxınlaşmanın tərəfdarıdır.


Fransa Prezidenti Emmanuel Makron, İspaniyanın Baş naziri Pedro Sançes və Finlandiya Prezidenti Aleksandr Stubb kimi liderlər də Böyük Britaniyanın Avropa siyasi məkanına qayıtması ideyasına açıq dəstək ifadə edərək "Avropaya britaniyalıların səsinin lazım olduğunu" vurğulayıblar.

Krallıq daxilində "Brexit" peşmanlığı

Böyük Britaniyanın öz daxilində də ictimai rəy nəzərəçarpacaq dərəcədə dəyişib. Sorğuda iştirak edən britaniyalıların əksəriyyəti Aİ-dən çıxmağın ("Brexit") ölkənin əsas sahələrinə mənfi təsir göstərdiyini düşünür:

Yaşayış minimumu və xərclər: 66% mənfi qiymətləndirir

İqtisadiyyat: 65% geriləmə görür

Gənclər üçün imkanlar: 57% pisləşdiyini deyir

Miqrasiya və ticarət: 56% mənfi təsirini vurğulayır

Hətta 2016-cı ildə "Brexit"ə səs verənlərin əksəriyyəti (58%) ölkədə qanunsuz miqrasiya ilə bağlı vəziyyətin daha da pisləşdiyini etiraf edib. "Brexit-in faydaları nə oldu?" sualına isə britaniyalıların çoxu "bilmirəm" və ya "heç bir faydası olmadı" cavabını verib.

İqtisadi inteqrasiya və təhlükəsizlik prioritetdir
 

Bu uğursuzluqlar fonunda britaniyalıların 75%-i Aİ ilə daha sıx əlaqələrin qurulmasını, 66%-i isə ticarət-iqtisadi inteqrasiyanın gücləndirilməsini istəyir. "Brexit" dövrünün ən mübahisəli mövzusu olan insanların sərbəst hərəkəti məsələsində də ciddi yumşalma var: rəyi soruşulanların 63%-i (və vaxtilə "ayrılmağa" səs verənlərin 57%-i) iqtisadi bağların bərpası naminə sərbəst hərəkət rejimini yenidən qəbul etməyə hazırdır.


Müdafiə və təhlükəsizlik sahəsində də London getdikcə Vaşinqtondan uzaqlaşaraq Brüsselə yaxınlaşır. Respondentlərin yalnız 18%-i ABŞ-ni əsas müttəfiq hesab edir, 58%-i isə Aİ ilə hərbi əməkdaşlığa üstünlük verir.

Britaniyalıların 60%-dən çoxu Avropanın silah tədarükünə önəm verilməsini, təxminən üçdə ikisi isə krallığın Avropanın nüvə çəkindirmə sisteminin yaradılmasında iştirakını dəstəkləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO