Hazırda futbol üzrə dünya çempionatının matçlarına ev sahibliyi edən ABŞ-ın Kanzas-Siti şəhərində baş verən atışma nəticəsində bir nəfər həlak olub, daha beş nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bizim.Media xəbər verir ki, NBC News-a istinadən verilən məlumata görə, hadisə cümə günü gecə saatlarında qeydə alınıb.
Saat 22:30 radələrində Şərqi 19-cu küçənin yaxınlığında olan polis əməkdaşları atəş səsləri eşidiblər. Hadisə yerinə gələn asayiş keşikçiləri orada xəsarət almış və huşu özündə olan iki qadın, həmçinin həyat əlamətləri olmayan bir kişi aşkar ediblər. Həkimlər 29 yaşlı III Devid E. Bekin hadisə yerindəcə dünyasını dəyişdiyini təsdiqləyiblər. Yaralı qadınlar dərhal xəstəxanaya çatdırılıb.
Daha sonra isə digər üç yaralı — vəziyyətləri stabil olan bir kişi və bir qadın, həmçinin vəziyyəti kritik qiymətləndirilən daha bir kişi xəstəxanaya özləri müraciət ediblər. Hazırda həkimlər reanimasiyada olan şəxsin həyatı uğrunda mübarizə aparırlar.
İstintaqın ilkin versiyasına görə, küçədə dayanan bir qrup insana eyni vaxtda bir neçə nəfər atəş açıb. Hücum edənlər hələlik saxlanılmayıb, polis sübutları toplayır və şahidləri dindirir.
Cinayətkarların tapılmasına və tutulmasına kömək edəcək məlumat üçün 25 min dollar məbləğində mükafat təyin edilib.
Faciə bu yay dünya çempionatının oyunlarını "Kanzas-Siti Stedium" adı altında qəbul edən "Arrowhead Stadium"dan cəmi 11 kilometr məsafədə baş verib. Artıq şənbə günü sözügedən stadionda Ekvador və Kürasao yığmaları arasında oyun planlaşdırılır.
Turnirin keçirilməsi ilə əlaqədar şəhərdə görünməmiş təhlükəsizlik tədbirlərinin görülməsinə və ABŞ-nin bütün Orta Qərbindən hüquq-mühafizə orqanlarının əməkdaşlarının cəlb edilməsinə baxmayaraq, kriminal hadisənin qarşısını almaq mümkün olmayıb. Araşdırmalar davam etdirilir.
Bizim.Media
































































































