Avropa İttifaqının (Aİ) Ukraynadakı səfiri Katarina Meternova 2030-cu ilin ölkənin ittifaqa daxil olması üçün "real və mümkün müddət" olduğunu bəyan edib.
Bizim.Media xəbər verir ki, səfirin sözlərinə görə, hamı Ukraynanın Aİ-yə üzvlüklə bağlı şərtləri yerinə yetirməyə hazır olduğunu görür.
Metenova bildirib ki, danışıqlar prosesinin növbəti mərhələləri Ukraynanın zəruri qanunvericilik və institusional islahatları nə dərəcədə sürətlə həyata keçirə biləcəyindən asılı olacaq.
Səfir qeyd edib ki, danışıqlar klasterləri bir çox dəyişikliklər tələb edəcək, lakin hazırda söhbət konkret sahələr üzrə rəsmi texniki danışıqlardan gedir. O, qalan danışıqlar klasterlərinin artıq bu yay açıla biləcəyinə ümid etdiyini bildirib. Ukrayna qanunvericiliyinin Aİ normaları ilə mövcud uyğunlaşma səviyyəsi artıq üzvlüklə bağlı əsaslı müzakirələrə başlamağa imkan verir.
İyunun 15-də Lüksemburqda Aİ ölkələrinin xarici işlər nazirlərinin iştirakı ilə Ukrayna və Moldovanın ittifaqa qəbulu üzrə ilk danışıqlar klasteri rəsmən açılıb. Ümumilikdə danışıqlar prosesi qanunvericilik və siyasətin müxtəlif sahələrini əhatə edən altı tematik klasterə bölünüb.
Açılan ilk klaster qanunun aliliyi, demokratik institutların fəaliyyəti və dövlət sisteminin işləməsi kimi fundamental məsələlərə həsr olunub.
Meternova üzv dövlətlər arasında lazımi yekdillik və konsensusa nail olmağın, həmçinin mürəkkəb qanunlar paketinin qəbul edilməsinin asan olmadığını diqqətə çatdırıb.
İlk klasterin açılması hazırlıq mərhələsindən gələcək üzvlük şərtləri üzərində praktiki işə keçid deməkdir. Bu çərçivədə Avropa İttifaqı milli qanunvericiliyin Avropa normalarına uyğunluğunu və konkret sahələrdə islahatların gedişatını qiymətləndirəcək.
Bizim.Media


































































































