ABŞ Prezidenti Donald Tramp İsrail hərbi aviasiyasının Livanın paytaxtı Beyruta endirdiyi son hava zərbələrinə münasibət bildirərək, bu addımı kəskin şəkildə tənqid edib. Ağ Ev rəhbəri bu hücumun ABŞ ilə İran arasında çox mühüm razılaşmanın əldə olunma ərəfəsində baş verməsini yolverilməz adlandırıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Tramp İsrailin əməliyyatını "heç kimin xəsarət almadığı, əhəmiyyətsiz bir təhdidə" verilən həddindən artıq reaksiya kimi qiymətləndirib.
Prezident bu insidentin Vaşinqton və Tehran arasında gedən diplomatik danışıqları pozmamalı olduğunu vurğulayaraq, tərəfləri maksimum təmkinli olmağa çağırıb:
"Biz regiona, o cümlədən Livana sülh gətirəcək tarixi bir sazişə çox yaxınıq. Bütün tərəflər dayanmalıdır. İsrailin Livanda yeni hücumları olmamalıdır, lakin eyni zamanda “Hizbullah” daxil olmaqla, heç bir digər qüvvə tərəfindən də İsrailə qarşı hücumlar həyata keçirilməməlidir. Bu proses uzunmüddətli və gözəl bir sülhün başlanğıcı ola bilər — gəlin bu şansı məhv etməyək".
Siyasi ekspertlər Trampın bu bəyanatını Ağ Evin yaxın saatlarda regional sazişin imzalanmasına nail olmaq üçün həm İsrailə, həm də Livan və İran tərəfinə təzyiqləri artırmasının göstəricisi kimi qiymətləndirirlər.

Bizim.Media

































































































