İsrail Hərbi Hava Qüvvələrinin Livanın paytaxtı Beyrutun cənubundakı Dahiya rayonuna endirdiyi və "Hizbullah"ın yüksək rütbəli komandirlərindən birinin ölümü ilə nəticələnən hava zərbələrindən sonra İrandan olduqca kəskin hərbi hədə gəlib. Rəsmi Tehran müttəfiqinə qarşı edilən bu hücumu cavabsız qoymayacağını açıqlayıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin mühüm hərbi qanadlarından olan "Xatəm əl-Ənbiya" mərkəzi qərargahının komandan müavini bəyanat yayıb.
İranlı hərbi rəsmi İsrailin Beyrut ətrafındakı hərəkətlərinin qırmızı xətti keçdiyini və adekvat addımların atılacağını bildirib.
Eyni zamanda, İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxınlığı ilə tanınan teleqram kanalları və media resursları yaxın saatlarda irimiqyaslı hərbi əməliyyatın başlayacağına işarə ediblər:
"İranın cavabı qaçılmazdır. Cəmi bir neçə saatdan sonra İsrail səmasını yenidən bizim raket yağışımız bürüyəcək".
Bu bəyanatlar regionda onsuz da gərgin olan vəziyyəti daha da gərginləşdirib. İsrail ordusunun və hava hücumundan müdafiə sistemlərinin mümkün raket zərbələrinə qarşı tam döyüş hazırlığı vəziyyətinə gətirildiyi bildirilir.
Bizim.Media





























































































