Yaponiyanın Kyoto Universitetində aparılan araşdırma nəticəsində şimpanzelərin bəzi yaddaş testlərində insanlardan daha üstün nəticə göstərə bildiyi məlum olub.
Bizim.Media xarici mediaya istinadla xəbər verir ki, “Ayumu” adlı şimpanze ekranda cəmi 200 millisaniyə görünən 1-dən 9-a qədər rəqəmlərin yerini yadda saxlayaraq onları düzgün ardıcıllıqla seçməyi bacarıb.
Təcrübədə Ayumunun uğur göstəricisi 80 faizdən çox olub. Universitet tələbələrində isə bu rəqəm 33-50 faiz arasında dəyişib. Alimlər bu qabiliyyəti “işlək yaddaş”ın güclü olması ilə əlaqələndirirlər.
Tədqiqatçılara görə, insanlar təkamül prosesində dil və mürəkkəb düşünmə bacarıqlarını inkişaf etdirərkən, bəzi sadə vizual yaddaş üstünlüklərində geri qalıb.
Qeyd edək ki, hazırda 20 yaşlarında olan Ayumu üzərində müşahidələr davam etdirilir. Alimlər yaş artdıqca onun qeyri-adi yaddaş qabiliyyətində hansı dəyişikliklərin baş verəcəyini araşdırırlar.
Bizim.Media


































































































