
- A-
- A
- A+
Xoşbəxt-bağrıqara, afərin-lənət... - Antonimlər lüğətindəki sözlər oxuyanları təəccübləndirdi
Azərbaycanda lüğətlər zaman-zaman müzakirə və mübahisə mövzusuna çevrilib. Bəzən müzakirələrin mərkəzində sözlərin özü, bəzən isə onların sinonimləri dayanıb. Elə sözlər olub ki, lüğətlərdə yer alsa da, xalq arasında qəbul olunmayıb, gündəlik ünsiyyət dilinə daxil ola bilməyib.
Bu dəfə isə müzakirə mövzusu “Azərbaycan dilinin antonimlər lüğəti”dir (2007). Lüğətdə müxtəlif köklü leksik antonim cütləri təqdim olunsa da, bəzi sözlərin qarşılığı mübahisə doğurur.
Belə ki, illərdir dilimizdə antonim kimi qəbul edib işlətdiyimiz bir sıra sözlərin əvəzinə, o qədər də uyğun görünməyən qarşılıqlar verilib.
Həmin lüğətdən bir neçə nümunəni oxucuların diqqətinə təqdim edirik. Qoy hər kəs nümunələrlə tanış olub özü qərara gəlsin: verilən qarşılıqlar nə dərəcədə əsaslıdır və dilimizin məntiqinə uyğundurmu?
Aclıq – bolluq ( halbuki aclığın bir nömrəli antonimi “toxluq”dur)
Aqil – gic ( bütün şifahi və yazılı ədəbiyyatda “aqil” sözünün qarşılığı “cahil” olaraq qəbul edilib).
Abırlı – həyasız ( “abırlı” deyərkən ilk ağla gələz qarşı söz “abırsız”dır.)
Afərin – lənət (ən yaxın antonimi “əfsus”, ya da “heyif” ola bilərdi, amma “lənət” nə əlaqə?)
Xoşbəxt – bağrıqara (ən məşhur antonimi “bədbəxt” qala-qala?)
Cəfəng – duzlu (“məntiqli”, “əsaslı” varkən...)
Şirin – dadlı ( “acı” hara getdi?)
Qeyd edək ki, lüğətdə buna bənzər uyğunsuz qarşılıqlar çoxdur. Bunlar müqayisə üçün seçilmiş nümunələrdir.
Şəfiqə Şəfa, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































