
- A-
- A
- A+
Nə çar bata bildi, nə də Sovet hökuməti – Qafqazın ən böyük meyvə bazarının yerləşdiyi rayonumuz
Adətən çayları gözümüzdə canlandıranda şəffaf, bəzən də lil və çöküntülərlə bulanıq sular təsəvvür edirik. Amma elə nadir çaylar da var ki, onların suları göyümtül, mavi çalarlara bürünür. Bu, çayın tərkibindəki geoloji xüsusiyyətlərdən, minerallardan asılıdır.
Böyük Qafqazın cənub yamaclarından başlayan Göyçay da məhz belə bir təbii xüsusiyyətlə adını tarixə yazdıran çaylarımızdandır. Bu çayın gözəlliyi isə onun ətrafında yerləşən şəhərə də siraət edib ki, onun şərəfinə adlandırıblar. Üstəlik istər çar Rusiyası, istərsə də Sovetlər dönəmində bölgələrimizin adı dəfələrlə dəyişdirildiyi, hansısa monarxın, inqilabçının adı verildiyi halda Göyçay öz adını qoruyub.
Türkiyədən Yeni Zelandiyaya qədər iz qoyan şəhərimiz
Tam türk mənşəli addır. Göy/mavi suyun təmizliyinə, şəffaflığına işarədir, çayın yuxarı hissəsi isə əhəng daşının, mineralların sayəsində rəngi göyərir. Belə adlar Türkiyə, Qazaxıstan, Qırğızıstanda da Göksu, Köysu və s. olaraq rast gəlinir. Amma dünyanın müxtəlif yerlərində də Göyçay kimi geoloji səbəblərdən rəngi mavi, firuzeyi rəngə çalan çaylar mövcuddur: Sloveniyada Şoça, İsveçrədə Versazca, Yeni Zelandiyada Buller, ABŞ-də Buffalo çayları da öz fərqli göyümsov rənglərinə görə göz oxşayır.
Göyçay rayonunun adı hələ Çar Rusiyası zamanında eyniadlı çaydan götürlsə də, əslində rayonun tarixi adı Ərvan, yaxud Arvan olub. Hətta e.ə olan qeydlərdə də bu adla ərazinin coğrafi xüsusiyyətləri təsvir edilir. Belə hesab edilir ki, bu, ərazidə yaşayan qədim Qafqazdilli xalqların adıdır. Hazırda kökü kəsilmiş hesab edilən bu xalq yalnız tarixi qeydlərdə qalıb.
Sonrakı dövrdə yəni Orta əsrlərdən XVIII əsrə qədər rayon Potubazar adlandırılıb. Belə ki, hazırda da Göyçayda mövcud olan Potu kəndində bölgənin ən əhəmiyyətli bazarlarından biri yerləşib. Yeri gəlmişkən, Potu sözünün mənası da qədim türk dillərində “keçid” deməkdir. Xüsusən də, Potu kəndinə məxsus meyvə bağları olub. Aran bölgələrinə gedən yol buradan keçdiyinə görə ərazidə karvansara və mal bazarı yaradılıb. Bazara məhsullar əsasən Potu kəndindən gətirildiyi üçün ona Potubazar adı verilib. Bazar dağıldıqdan sonra bu ad bir müddət işlənib, sonralar istifadədən çıxıb.
Göyçay antik kitablarda...
Hələ antik dövr müəllifləri Strabon, Ptolemey, Plini də bu bölgənin təsərrüfat həyatından bəhs edərkən torpaqlarının məhsuldarlığı ilə bərabər burada yaşayan əhalinin taxıl yetişdirdiyini, meyvəçiliklə məşğul olduğunu, İberiya ilə Xəzər sahilini birləşdirən Transqafqaz ticarət yolunun bu bölgədən keçdiyini qeyd edib. Elə indi də Göyçay rayonu gülöyşə narlarına görə təkcə Azərbaycanda deyil, bütöv regionda məşhurdur.
Göyçaylılar Türkiyədən köçmüş qaramanlılardır?
Bir maraqlı faktı da deyək, Göyçay rayonuna məxsus kəndlər ayrı-ayrı dövrlərdə müxtəlif yerli feodal dövlətlərinin tərkib hissəsi olub. Mənbələrdən Göyçay çayının sağ və sol sahilləri 1025-ci ildən XIV əsrədək Qəbələ mahalına tabe olduğu görünür. Xanlıqlar dövründə Göyçay artıq Şirvanşahların inzibati ərazisinə çevrilib. Bəzi tarixi mənbələrə görə rayon əhalisi, əsasən, XV əsrdə Türkiyədən köçmüş Qaraman bəylərbəyiliyinin əhalisi hesabına formalaşıb.
Göyçay inzibati ərazi vahidi olaraq birinci Rusiya işğalı dövründə (1801–1920) Bakı quberniyasının qərbində yerləşən, quberniya ərazisinin çox böyük hıssəsini əhatə edən 62 kənd icmasından ibarət olan qəza mərkəzi idi. XIX əsrin 50-ci illərində Şamaxıda baş verən zəlzələdən zərər çəkən əhalinin bir hissəsi Göyçayın ərazisinə köçmüş və bununla da yaşayış məntəqəsi genişlənməyə başlanmışdır.
Çar hökumətinin Qafqazda apardığı inzibati islahatlar çərçivəsində 1867-ci ilin dekabr ayında Bakı quberniyasının tərkibində Göyçay qəzası yaradıldı. Qəza mərkəzi olan Göyçay 1916-cı ildən şəhər adlandırılmışdır. Azərbaycanın rayonlaşdırılması ilə əlaqədar 1930-cu ildə Göyçay inzibati rayonu yaradılıb.
Şəfiqə Şəfa, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































