Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Hazırda oxunan: Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

640281

Bu gün Azərbaycanda Cəbrayıl Şəhəri Günü qeyd olunur.

Bizim.Media xəbər verir ki, altı il əvvəl, 2020-ci il oktyabrın 4-də, Vətən müharibəsinin 8-ci günü Cəbrayıl şəhəri Ermənistan silahlı qüvvələrinin işğalından azad edilib.

Cəbrayıl şəhərinin işğaldan azad olunmasını Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev həmin gün xalqa müraciətində elan edib. Dövlətimizin başçısı bildirib:

“...Bu gün Azərbaycan xalqı sevinc içindədir. Cəbrayıllılara və bütün Azərbaycan xalqına bu gün azad edilmiş yaşayış məntəqələrinin adlarını sadalamaq istərdim. Bu gün şanlı Azərbaycan Ordusu aşağıdakı yaşayış məntəqələrini azad edib: Cəbrayıl şəhəri, Karxulu kəndi, Şükürbəyli kəndi, Yuxarı Maralyan kəndi, Çərəkən kəndi, Daşkəsən kəndi, Horovlu kəndi, Decal kəndi, Mahmudlu kəndi, Cəfərabad kəndi”.

Möhtəşəm tarixi Zəfər qazandığımız Vətən müharibəsində Cəbrayıl işğaldan azad edilən ilk şəhərimiz olub.

2020-ci il noyabrın 16-da Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna səfər ediblər və dövlətimizin başçısı Cəbrayıl şəhərində və Xudafərin körpüsündə üçrəngli bayrağımızı qaldırıb.

Prezident İlham Əliyevin Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı təsis olunub, əsgər və zabitlərimiz bu medalla təltif ediliblər. Həmçinin 2023-cü il iyulun 31-də dövlətimizin başçısı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, hər il oktyabrın 4-də Cəbrayıl Şəhəri Günü qeyd olunur.
 

Bildirək ki, Cəbrayıl rayonu strateji əhəmiyyətinə görə hər zaman diqqət mərkəzində olub. Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişindən sonra, 1994-cü il yanvarın 5-də Horadiz əməliyyatı nəticəsində rayonun Cocuq Mərcanlı kəndi işğaldan azad edilib. 2016-cı il Aprel döyüşləri zamanı Cocuq Mərcanlının yaxınlığındakı Lələtəpə yüksəkliyinin işğaldan azad olunması ilə bu kənddə yaşayış üçün lazımi təhlükəsizlik şəraiti təmin edilib. 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhərinin işğaldan azad olunması isə Azərbaycan Ordusunun Xocavənd rayonunun cənubundakı kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yaradıb.


Qeyd edək ki, Cəbrayıl 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Ərazisi 1050 kvadratkilometr olan rayonda 1 şəhər, 4 qəsəbə, 92 kənd yerləşirdi, orada 52 min 604 nəfər yaşayırdı. İşğal dövründə Cəbrayıl tamamilə dağıdılıb, tarixi-dini abidələri yerlə-yeksan edilib, rayonda insanlığa sığmayan vandalizm əməlləri törədilib.

Bu gün isə işğaldan azad olunmuş digər ərazilərimiz kimi, Cəbrayılda da genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır.

Prezident İlham Əliyev Cəbrayıl rayonuna mütəmadi səfərlər edərək görülən işlərlə yaxından tanış olur, təməlqoyma və açılış mərasimlərində iştirak edir, müvafiq tapşırıq və tövsiyələrini verir.

Görülən işlər nəticəsində Cəbrayıl hazırda yeni inkişaf dövrünü yaşayır. Doğma yurd həsrətinə son qoyulmuş Cəbrayıl sakinlərinin ata-baba yurdlarında rahat və firavan yaşaması üçün bütün infrastruktur yaradılır. Həmçinin məşğulluğun yüksək səviyyədə təmin olunması üçün zəruri tədbirlər həyata keçirilir.

Xatırladaq ki, Cəbrayıl şəhərinə 2024-cü il sentyabrın 26-da köç başlayıb. Şəhər 31 ildən sonra ilk sakinlərini qoynuna alıb. Artıq doğma sakinlərin səsi, nəfəsi Cəbrayılda uzun illər hökm sürən sükutu aradan qaldırıb.













Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO