Uzun illər Azərbaycanın maliyyə sistemində əsas simalardan biri olan Elman Rüstəmov son dövrlərdə ictimaiyyət qarşısında əvvəlki qədər görünmür. Bəs 27 il Milli Bank və Mərkəzi Banka rəhbərlik etmiş Rüstəmov hazırda hansı vəzifəni tutur?
Bizim.Media “mətbuat.az”a istinadən xəbər verir ki, Elman Sirac oğlu Rüstəmov 1952-ci il iyunun 29-da Cəbrayıl rayonunda anadan olub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirən Rüstəmov əmək fəaliyyətinə iqtisadi sahədə başlayıb və müxtəlif dövlət qurumlarında çalışıb.
O, 1992-ci ildə Milli Bankın İdarə Heyəti sədrinin birinci müavini təyin edilib. 1995-ci ildən banka rəhbərlik edən Rüstəmov sonrakı illərdə də bu vəzifədə fəaliyyətini davam etdirib. 2020-ci ildə Prezidentin sərəncamı ilə Mərkəzi Bankın İdarə Heyətinin sədri vəzifəsinə yenidən təyin olunub.
2022-ci ilin aprelində Mərkəzi Bankın rəhbərliyindən ayrılan Rüstəmov dövlət idarəçiliyində fəaliyyətini davam etdirib. Baş nazir Əli Əsədovun 13 aprel 2022-ci il tarixli sərəncamı ilə Baş nazirin müşaviri təyin olunub.
Hazırda Nazirlər Kabinetinin rəsmi strukturunda Elman Rüstəmov Baş nazirin müşaviri kimi göstərilir. Uzun illər Mərkəzi Bankın rəhbəri kimi tanınan Rüstəmov hazırda fəaliyyətini hökumət səviyyəsində davam etdirir.
Bizim.Media
































































































