İkinci əl telefon alarkən DİQQƏTLİ OLUN - Oğurluq çıxarsa, nə etməliyik?

İkinci əl telefon alarkən DİQQƏTLİ OLUN - Oğurluq çıxarsa, nə etməliyik?

Hazırda oxunan: İkinci əl telefon alarkən DİQQƏTLİ OLUN - Oğurluq çıxarsa, nə etməliyik?

623604

Sosial şəbəkələrdə və elan saytlarında hər gün yüzlərlə ikinci əl telefon satılır. Əksər alıcılar isə sadəcə qiymətə baxaraq ödəniş edib telefonu alır. Ancaq sonradan həmin cihazın oğurluq olduğu və ya hansısa cinayət işində maddi sübut kimi axtarıldığı məlum ola bilər.

Belə halda alıcını nə gözləyir? Hüquqi məsuliyyət kimin üzərinə düşür?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, telefon kimi daşınan əmlaklarda rəsmi qeydiyyat sənədi (çıxarış) olmadığı üçün qanunla əşya kimdədirsə, ona məxsusdur. Lakin telefonun oğurluq olduğu sübut olunarsa, cihaz dərhal həqiqi mülkiyyətçisinə qaytarılmalıdır:

"Şəxs oğurluq olduğunu bilmədən telefon alıbsa, burada onun təqsiri yoxdur. Lakin cihaz əsl sahibinə qaytarıldıqdan sonra, alıcı zərəri ödəmək üçün telefonu ona satan şəxsdən pulunu geri tələb edə bilər.

Telefon oğurlanmayıb, sahibi onu kiməsə istifadə üçün verib və həmin şəxs etibardan sui-istifadə edərək telefonu satıbsa, bu zaman vəziyyət fərqlidir. Belə halda telefonun sahibi onu satıldığı adamdan tələb edə bilməz. Çünki əmlak onun əlindən zorla və ya oğurluq yolu ilə çıxmayıb, özü könüllü şəkildə başqasına verib. Bu halda əvvəlki sahibi yalnız etibar etdiyi şəxsdən zərərinin əvəzini tələb edə bilər”.

Bəs alıcı telefonu almamışdan əvvəl hansı texniki yoxlamaları etməlidir? Telefonun oğurluq olub-olmadığını texniki baxımdan əvvəlcədən müəyyən etmək mümkündürmü? 

İT üzrə mütəxəssis Elvin Abbasov qeyd edib ki, telefonun IMEI kodunu yoxlamaq olduqca vacibdir:

“Risklərdən sığortalanmaq üçün atılmalı olan ilk və ən kritik addım cihazın şəxsiyyət vəsiqəsi sayılan 15 rəqəmli IMEI kodunu yoxlamaqdır. Telefonun yığım ekranında *#06# kombinasiyasını yazmaqla ekrana gələn kodu mütləq şəkildə imei.az və ya e-gov.az portalları üzərindən yoxlamaq, onun milli qeydiyyat statusunu dəqiqləşdirmək lazımdır. Həmçinin, ekrandakı kodun telefonun qutusunda və SİM kart yuvasında yazılan rəqəmlərlə tam üst-üstə düşdüyünə əmin olmaq vacibdir”.

Ekspertin sözlərinə görə, cihazın oğurluq olub-olmadığını tam 100 faiz göstərən vahid bir texniki düymə olmasa da, telefonda əvvəlki sahibinin Apple ID (iCloud) və ya Google hesabı aktiv qalıbsa və satıcı şifrəni çıxara bilmirsə, həmin cihazdan uzaq durmaq lazımdır. Risk limitini sıfırlamağın ən etibarlı üsulu isə satıcıdan cihazın orijinal qutusunu və satınalma qəbzini tələb etməkdir.

Mütəxəssis cihazı alarkən bəzi detallara diqqət etməyi məsləhət görür:
 

“Cihazın ekranında ölü piksellərin və ya kölgələrin olub-olmaması, batareyanın maksimum tutum faizi və öz SİM kartınızı taxaraq mobil şəbəkə ilə internetin işləkiliyi yoxlanılmalıdır. Ən əsası, Face ID və ya Touch ID kimi biometrik təhlükəsizlik sistemlərinin aktivləşdiyinə əmin olmaq lazımdır; çünki bu funksiyaların sıradan çıxması cihazın ana lövhəsinin (plata) ağır təmir gördüyünə işarə edir” - deyə o, əlavə edib.


E.Abbasov vurğulayır ki, oğurlanmış və ya itmiş bir telefon daxili yaddaşı tamamilə sıfırlanaraq format olunsa belə, onun texniki imkanlarla tapılması tamamilə mümkündür. Çünki proqram təminatı silinsə də, cihazın ana lövhəsinə həkk olunmuş fiziki IMEI kodu heç vaxt dəyişmir.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO