Havaların istiləşməsi ilə birlikdə qida məhsullarının xarab olma riski də artır. Xüsusilə immun sistemi həssas olduğundan yay aylarında uşaqlar arasında qida zəhərlənməsi halları daha çox müşahidə olunur. Açıq havada satılan qidalar, düzgün saxlanılmayan süd məhsuları, tez xarab olan yeməklər və gigiyena qaydalarına əməl olunmaması valideynləri ciddi təhlükələrlə üz-üzə qoyur.
Bəs uşaqları yayda qida zəhərlənməsindən qorumaq üçün nələrə diqqət edilməlidir?
Məsələ ilə bağlı Bizim.Media-ya danışan pediatr Şəlalə Poluxova bildirir ki, isti hava şəraitində bakteriyalar sürətlə artdığı üçün uşaqlarda zəhərlənmə daha çox baş verir:
“Yay aylarında uşaqlar və böyüklər arasında qida zəhərlənmələri daha çox müşahidə olunur. Bunun da səbəbi havanın istiləşməsi, temperaturun qalxması ilə bağlıdır. İsti mühitdə bakteriyalar daha sürətlə artmağa başlayır. Buna görə də qida zəhərlənmələrinə gətirib çıxarır. Burada valideynlərin diqqət etməli olduğu bir neçə məqam var. Yay üçün mayonezli salatlar, şirniyyatlar, ət və ət məhsulları ( xüsusən yaxşı bişməmiş), balıq və digər dəniz məhsulları, açıq havada satılan, günəş şüalarına məruz qalan, uzunmüddətli otaq temperaturunda qalan qidalar təhlükəli sayılır.
Valideynlər marketdən aldıqları balıq, süd, ət məhsullarının təzə olması, balığın qoxusunun kəskin olmaması, güvənli yerlərdən alınmasına da fikir verməlidirlər. Burada əsas məqam ət və süd məhsullarında soyuq zəncir qırılmalarıdır. Buz tutan məhsul otaq temperaturunda saxlanılır, təkrar dondurulursa bu artıq təhlükəlidir. Soyuq zəncir qırılarsa bu, məhsulun pozulmasına, nəticədə qida zəhərlənməsinə gətirib çıxara bilər. Tətilə gedərkən isə qidaları mümkün qədər soyuducu çantalarda saxlamaq daha yaxşı olar. Nəzərə alsaq ki, uşaqların immunsistemi böyüklərlə müqayisədə daha zəifdir, uşaqlarda qida zəhərlənməsi daha kəskin və ciddi simptomlarla gedir”.
Bəs bu simptomlar hansılardır və hansı vəziyyətdə valideynlər həkimə müraciət etməlidirlər?
Pediatr valideynlərə müraciət edərək bildirir ki, uşaqlarda, xüsusən körpələrdə qusma çox olarsa həkimə müraciət olunmalıdır:
“Uşaqlarda qida zəhərlənməsinin ilk əlamətləri ürəkbulanma qusma, qarında şiddətli ağrılar ishal kimi əlamətlərlə görülür. Bəzən qusma və ishal o həddə çatır ki, uşaqda “susuzlaşma” dediyimiz dehidratasiyaya gətirib çıxarır. Xüsusən uşaq körpədirsə, bir neçə dəfədən artıq qusmadan sonra dehidratasiya inkişaf etdiyi üçün uşaq susuz qala bilir. Bu öz növbəsində nəinki susuz qalma, elektrolit itkisinə (bədənin düzgün işləməsi üçün vacib olan mineral və duzların səviyyəsinin normadan aşağı düşməsi) gətirib çıxara bilər. Bu vəziyyət də olduqca təhlükəlidir. Valideynlər buna diqqət yetirməli, uşaqlar çox qusan zaman evdə saxlamaq əvəzinə həkimə müraciət etməlidirlər”.
Həkim onu da qeyd edib ki, xüsusilə yay fəslində qidaları otaq temperaturunda bir saat, soyuducuda isə iki gündən artıq saxlamaq məsləhət deyil:
“Ola bilər ki, valideyn yeməyin dadında və qoxusunda dəyişiklik hiss etməyib hər şeyin qaydasında olduğunu düşünür. Bu o demək deyil ki, qida zərərsizdir. Nəzərdə saxlayaq ki, yeməyin dadını, qoxusunu dəyişməyən bakteriyalar var ki, ciddi zəhərlənməyə gətirib çıxara bilir”, - deyə pediatr valideynlərə təhlükəsizlik və gigiyeniya qaydalarına əməl etməyi məsləhət görüb.
Xədicə Paşayeva, Bizim.Media






































































































