Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert

Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert

Hazırda oxunan: Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert

611389

Son dövrlər Azərbaycanda sürücülər arasında maraqlı və bir o qədər də düşündürücü tendensiya müşahidə olunur. İnzibati cərimə ballarının 20 bal həddinə çatmasından və sürücülük hüququnun məhdudlaşdırılmasından qorxan şəxslər, törətdikləri qayda pozuntularını etibarnamə vasitəsilə başqa şəxslərin adına yönləndirirlər. Bu mexanizmin hüquqi tərəfləri və yarada biləcəyi fəsadlar cəmiyyətdə geniş müzakirə olunur.

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı “sfera.az”a açıqlama verərək, mövcud vəziyyəti tənqid edib və çıxış yollarını göstərib.

Ekspert hesab edir ki, bəzi cərimələrə görə tətbiq olunan ballar ümumiyyətlə yığışdırılmalıdır:

"Biz bu gün sürücüləri cərimə balları ilə “asıb-kəsməklə” heç nəyi həll etmirik. Çünki biz o sürücünü peşəkar səviyyədə hazırlamamışıq. Sürücülük məktəbləri, təlimçilər ürəkaçan deyil, imtahan prosesində illərdir heç bir yenilik yoxdur. Sürücü kütləsini yalnız qorxu altında saxlamaqla yol hərəkəti təhlükəsizliyini təmin etmək olmaz. Bunun üçün ilk növbədə uyğun şərait yaradılmalıdır".

E.Muradlı şəhərdəki infrastruktur problemlərinin sürücüləri çıxılmaz vəziyyətdə qoyduğunu vurğulayıb:
 

“Bəzi yerlərdə avtobus zolaqlarında saat 07:00-dan 23:00-a qədər qadağa var, lakin bu mexanizm tam formalaşmayıb. Sürücü bəzən dönmə bucağını düzgün tənzimləyə bilmədiyi üçün məcburən zolağa girir və cərimələnir. Şəhərdə düzgün parklanma yerləri yoxdur. Vətəndaş məcbur qalıb maşını qısa müddətlik piyada keçidinə yaxın və ya səkidə saxlayır. Nəticədə dərhal 40-60 manat cərimə və 2 bal tətbiq olunur.


Sərnişin düşürmək üçün dayanan sürücüyə 5 saniyəyə görə 80 manat və 2 bal yazılır. Bu, nə dərəcədə ədalətlidir? Xüsusilə taksi fəaliyyəti ilə məşğul olan şəxslərin vəziyyəti acınacaqlıdır. Onların əksəriyyətinin 18-19 balı var və növbəti xırda bir xəta onların çörək pulundan məhrum olması deməkdir. İnsanların hüququnu əlindən almaq ən ağır tədbirdir. Məsələn, 5 dəfə qırmızı işıqdan keçmək ciddi pozuntudur, amma avtobus zolağında sərnişin götürmək üçün 3 saniyə dayanmağa görə ağır cəza vermək sivil yanaşma deyil”.

Vətəndaşların cərimə ballarını başqa şəxslərin üzərinə keçirməsinə gəlincə, E.Muradlı bunun bir məcburiyyətdən doğduğunu bildirib:

"Mən bu addımı atanları qınaya bilmərəm, çünki qanunla etibarnamə verilməsinə dair bir qadağa yoxdur. Vətəndaş çıxış yolu kimi buna əl atır. Problem etibarnamədə deyil, problem vətəndaşı bu vəziyyətə salan tənzimləmələrdədir. Hazırda hər 10 sürücüdən 8-nin sürücülük hüququnun məhdudlaşdırılması təhlükəsi var. İndi sual yaranır: bizə sürücülük vəsiqəsi əlindən alınmış kütlə lazımdır, yoxsa şərait yaradılmış intizamlı sürücülər? Bu sualın cavabı hər şeyi aydınlaşdıracaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO